“Neftçi”nin daxilindəki çəkişmələrin ardı-arası kəsilmir.
Bu dəfə klubun mətbuat xidmətinin rəhbəri Emin Əfəndi və Kommersiya Departamentinin şefi Aysu İbrahimlinin arasında "soyuq küləklər" əsir.
Aysu xanım Emin bəyə klub daxilindəki neqativ məlumatların mediada dərc olunmasının qarşısını almalı olduğunu bildirib. Xanım rəhbər Emin bəyə deyib ki, o, “Neftçi”dəki vəzifəsinə əlavə iş kimi baxır, Miri Yusifin konsert proqramı ilə daha çox məşğul olduğu üçün diqqətini kluba cəmləyə bilmir. Emin bəy savadına yuxarıdan aşağı baxdığı xanıma bu kimi xəbərlərin mediada yazılmasının normal olduğunu və yazılanlarla maraqlanmayacağını bildirib.
Əslində, tərəflər arasında savaş ötən aylarda başlayıb. Aysu xanım Emin Əfəndinin yaxın dostu İsmayıl Abdullayevi sıxışdıraraq “Neftçi” TV-dən uzaqlaşdırıb. Abdullayevin döyüşdən müqavimətsiz ayrılması Emin Əfəndini məyus edən səbəblərdən biri olub. İsmayılın “Whatsapp” qrupundan xəbərdar etmədən çıxması, klubun əməkdaşı Xəyalə Şahlarlının işə qayıtması üçün etdiyi zəngləri cavabsız qoyması Emin Əfəndini təəssüfləndirib və o, sərkərdəsini döyüşdə asan şəkildə itirməsini həzm edə bilməyib. Bundan əlavə, Aysu xanım Emin bəyin özü ilə gətirdiyi kadrlardan birini tamamilə zərərsizləşdirərək öz tərəfinə çəkib və onları düşmən etməyi bacarıb. Demək olar, Aysu İbrahimlinin cəbhəsindəki şəxslər məlumdur. Özünü təklənmiş hiss edən Əfəndini qisas əməliyyatına sövq edən bu kimi hallar klubun ofisində çəkişmələrə səbəb olub.
Bundan əlavə, ofis daxilində digər narazılıq Aysu İbrahimlinin rəfiqələri ilə bağlıdır. Daha öncə də “ağ-qaralar”da qohum-tanışlıqla edilmiş təyinatla bağlı məlumatlar vermişdik. İcraçı direktor Fərrux Mahmudovun yeznəsi Səbuhi Rzayevi Adminstrativ işlər üzrə direktor təyin etməsindən həvəsləmiş Aysu xanım 2 rəfiqəsini klubda işlə təmin etməyi bacarıb. Həmin şəxslər olduqca yüksək əmək haqqı ilə klubla əməkdaşlıq edirlər. Lakin həmin şəxslər demək olar, işə gəlmirlər. Bu da digər işçiləri ruhdan salan əsas məqamlardan birinə çevrilib.
Aysu xanım departament rəhbəri təyin edilərkən işçilərə məvaciblərin artırılacağını və olduqca yaxşı maaş alacaqları barədə söz verib. Ancaq zaman keçdikcə o sözünə əməl etməyib, əksinə, şəxsi həyatında yaxından tanıdığı rəfiqələrini departamentə gətirib.
İsmayıl Abdullayevin “Neftçi” TV-dən göndərilməsinin digər səbəblərindən biri də rəfiqələrin işə götürülməsi olub. Maaşlarının artırılmaması və üstəlik Aysu xanımın belə addım atması bəzi işçiləri hiddətləndirib. Bu səbəbdən İsmayıl “vurulub” və onun məvacibi etiraz etmiş “qiyamçılar” arasında ata malı kimi bölünüb.
Belə qənaətə gəlmək olur ki, yiyəsiz qalan 87 yaşlı klubun daxilində çəkişmələr hələ çox davam edəcək.
Elsevər Muradzadə