"Birinciliyi çox tez təmin etdik. Mövsümün sonuna hələ 8 tur var. Belə demək mümkünsə, mübarizəsiz çempion olduq. İstənilən halda bu, çox xoşdur”.
Sportliqa.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov Ağdam klubunun 11-ci çempionluğunu şərh edərkən deyib.
Rusiyalı qolkiper çempionluqla yanaşı, ölkə kubokunu da qazanmaq istədiklərini bildirib: “Qarşıda bizi kubok oyunları gözləyir. Çempionluqla yanaşı, kuboku da qazanmaq istəyirik. Bu, qarşımıza qoyulan hədəfdir. Məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
O, çempionatın son 8 turu barədə də danışıb: “Bəli, artıq birinci yeri təmin etdik. Lakin qarşıda hələ 8 oyun var. Baş məşqçinin heyətdə rotasiya etməsi mümkündür. Amma istənilən halda növbəti matçların bizim üçün əhəmiyyətsiz olduğunu söyləmək düzgün çıxmaz”.
Lunyov hazırda gələcək karyerası barədə qərar qəbul etməyə tələsmədiyini söyləyib: “Çempionat yekunlaşmayıb. Mövsümün sonuna hələ 2 aya yaxın vaxt var. Ona görə indidən nəsə demək çətindir. Hazırda bu barədə düşünmürəm. Təkliflər olması normaldır. Yəqin ki, mövsümün sonuna yaxın konkret qərar qəbul edəcəyəm”.
“Qarabağ”da qalmaq istərdinizmi?” sualını 32 yaşlı qapıçı konkret cavablandırmayıb: “Qarabağ”dakı vəziyyətim məni qane edir. Lakin gələcəkdə nə olacağını birlikdə görəcəyik”.
Lunyov yenidən dəvət aldığı Rusiya millisinin düşərgəsində yaxşı qarşılandığını bildirib: “Millidə olmaq hər zaman xoşdur. Komanda yoldaşlarım da məni həmişəki kimi çox yaxşı qarşıladılar”.
Sonda rusiyalı qapıçı bu günlərdə Moskvada baş verən terror aktına da toxunub: “Terror hadisəsi dəhşətdir. “Krokus Siti”də baş verənlər hər birimizin ürəyini parçaladı. Xeyli sayda insanın ölümü faciədir. Əlbəttə ki, bu cür hadisələr insana çox pis təsir edir”.
qol.az