Qara Qarayevlə bağlı videonu az öncə izlədim. Gün boyu gedən müzakirələri görürdüm, amma videonu izləyəndən sonra yazmaq qərarına gəldim. Çünki mənə də pis təsir elədi. Qara elə-belə, sıradan bir futbolçu deyil. Hələ üstəlik, "Qarabağ" üçün. Qara "Qarabağ" üçün çox şey edib. Özünü tanıyandan bu klubun formasını geyinib, həmin formanın dəyərini də həmişə uca tutub.
Tək-tük futbolçulardan olub ki, Quzanlıda şərait yaxşı olmadığı halda, orada oynamağın tərəfdarı olub, sevə-sevə ora gedib. Çünki özü də məcburi köçkün həyatı sürüb, ağır şəraitdə yaşayıb və o şəraitdə yaşayan insanları futbolla sevindirməyi özünə borc bilib. Bunlar reallıqdı, hansısa duyğusallıqdan söhbət gedə bilməz. Kimsə deyə bilər ki, oynayıb pulunu alıb, bəli, pulunu alıb. Amma söhbət puldan getmir axı. Qurban Qurbanov pulsuz işləyir "Qarabağ"da? Hamı pul alır da. Amma aldığın pula layiqsənmi, məsələ budur.
Qara aldığı pulun qarşılığını geyindiyi formanı halal təri ilə islatmaqla verib. Yeganə yerli futbolçu olub ki, oynadığı dönəmdə öz yerini heç bir legionerə verməyib. Daha doğrusu, "Qarabağ"a nə qədər legioner futbolçu gəlsə də, heç kim Qaranı əsas heyətdən sıxışdırıb çıxarda bilməyib. Adam futbol oynayıb. Kişi kimi futbol oynayıb, meydançada can qoyub. Hər zaman da həm meydançada, həm də meydançadan kənarda öz əxlaqı, tərbiyəsi ilə seçilib. "Qarabağ" üçün bu qədər fədakarlıq edəni o formada təhqir etmək... Nə bilim, söz tapa bilmirəm. Adam alqışı haqq edir, təhqiri yox.
Həm Qara "Qarabağ"dan imtina etmədi axı, "Qarabağ" Qaradan imtina etdi. 30 yaşı tamam olar-olmaz göndərildi ehtiyata. Hələ o vaxt da bu haqda yazmışdım ki, 2022-ci ilin bütün oyunlarını əsas heyətdə oynayan biri 2023-cü il girər-girməz, komandanın qış toplanışından sonra zədəsi filan olmadan ehtiyata göndərildi. Lazım deyilsə, ehtiyac duyulmursa, ehtiyatda oturacaqsa, niyə gedib başqa komandada oynamasın?
Halbuki səbr edib yaya kimi gözlədi. Getmək istəsə elə mövsüm bitən kimi gedərdi, heç avrokubokları gözləməzdi. Amma gözlədi və əmin oldu ki, ona "Qarabağ"da ehtiyac yoxdu. Yalnız bundan sonra "Neftçi"yə keçdi. Hətta "Qarabağ" forması ilə son matçında belə, kluba fayda verib getdi. "Linkoln"la matçda sona yaxın meydançaya daxil oldu və bir toxunuşla qızıla bərabər ötürmə verib komandanın qələbəsinə töhvə verdi. Məhz həmin 1-2 dəqiqəyə görə "Neftçi"nin heyətində avrokuboklarda oynaya bilmədi. Hansı ki, böyük ehtimal gedəcəyini bilirdi, yeri gəlsə bəziləri kimi, ayağını, əlini, belini tutub zədə bəhanəsi ilə oynamazdı.
Əzəli rəqib "Neftçi"yə keçdiyinə görə təhqir olunur? O məntiqlə "Neftçi" azarkeşləri də Qurban Qurbanovu, Zaur Tağızadəni söyməlidi? "Neftçi"yə keçməyi satqınlıq sayanlar Donald Geryeni niyə geri qəbul etdi? Pula görə "Qarabağ"ı atıb gedən Andrade geri qaytarılanda niyə heç kimin səsi çıxmadı? Erməniyə "qardaş" deyib onu təbrik edən Aleksey İsayev bu gün nə dərəcədə "Qarabağ"ın formasını geyinməyə layiqdi? Axı bu "Qarabağ"ın təmsil etdiyi Ağdamı ermənilər viran qoyub. Axı bu "Qarabağ"ın yaradıcılarından olan Allahverdi Bağırov erməni gülləsi ilə həyata gözünü əbədi yumub. Həmin erməniyə "qardaş" deyən biri "Qarabağ"a transfer olunanda Qaranı söyənlərin səsi niyə çıxmadı?
Qaradan suyum gəlmir, çörəyim gəlmir. Nə xalam oğludu, nə dayım oğlu. Heç yaxın tanışlığımız da yoxdur. Sadəcə, ortadakı mənzərə adama pis təsir edir. Qara futbolçu ömrünün ən gözəl çağlarını "Qarabağ"a həsr etdi, bu klubun adını başı üstə, gözü üstə daşıdı. Bu cür futbolçular alqışı haqq edir, təhqiri yox...
Anar Xanlarov