“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov “RB Sport”a müsahibəsində müştərisinin gələcək taleyindən danışıb.
Sportliqa.az xəbər verir ki, agent Ağdam klubunu tənqid etməkdən də çəkinməyib.
– Azərbaycan mətbuatında yazılanlara görə, “Qarabağ”da illik maaşı 200 min avro olan Andrey Lunyov yeni müqavilə üçün bunun üçqatını tələb edib. Bu, doğrudur?
– Məlumatı təəccüblə oxuyuruq, çünki yayılan xəbər məxfidir. Açığı, insanlar futbolçu ilə klub arasında aparılan danışıqlar prosesində bizim üçün qəbuledilməz olan məlumatları belə təqdim edirlər.
– Andrey Azərbaycan mediasında yazıldığı kimi 600 min avro istəyir?
– Mətbuata məlumatı sızdıran klub adamlarından fərqli olaraq, rəqəm verməyi etik hesab etmirəm. Danışıqlar sükutu sevir. Klubdan birinin niyə bu məlumatı yaydığını başa düşmək istərdim. Çünki bu cür davranış qətiliklə Andreyin qalmasına kömək etməyəcək. Fikrimcə, nüansa aydınlıq gətirmək vacibdir: Lunyov “Qarabağ”a gələndə onun maaşı əvvəlcə ciddi şəkildə aşağı qiymətləndirilib. Klubun özünün bunu tanıması, mövqeyini Andreyin səhhəti ilə bağlı risklərlə izah etməsi vacibdir. Son 2 ildə çoxlu zədə almışdı. Bir vacib təfərrüatı da deyim: 2023-cü ilin qışında, Andrey hələ “Bayer”də olanda “Qarabağ” ona avqustda razılaşdığı məvacibdən 2,5 dəfə çox maaş təklif etmişdi. Müqavilə imzalayarkən “Qarabağ”la müzakirə etdik ki, Andrey səviyyəsindən aşağı şərtlərlə razılaşacaq. Belə anlaşdıq ki, əgər səhhətində heç bir problem olmasa və Lunyov yüksək səviyyədə oynasa, klubun yaxşı nəticələr əldə etməsinə kömək edərsə, təqvim ilinin sonuna kimi əmək haqqına yenidən baxılacaq.
– Sonda şərtlərə yenidən baxıldı?
– Hazırda klub maaşları artırmayıb. Yanvar – fevral aylarında “Qarabağ” müqavilənin uzunmüddətli uzadılması ilə bağlı təkmilləşdirilmiş təklif irəli sürdü ki, bu da şərtlərə görə bizə uyğun gəlmədi. Hər zaman Lunyov həqiqətən layiq olduğundan daha aşağı maaş alırdı. Kluba müraciət etmədi, artım istəmədi. Andrey artıq öz dəyərini sübut etdi, klubun bu mövsüm uğurunun vacib parçasıdır və müvafiq səviyyədə maaş almağa layiqdir. Üstəlik, Andrey üçün müxtəlif agentlərdən aldığım təkliflərdən görürük ki, digər klublar onun səviyyəsini “Qarabağ”dan dəfələrlə yüksək qiymətləndirirlər. Andreyin 32 yaşı var, ona tələbat çoxdur. Yüksək səviyyədə oynayır və bizə elə gəlir ki, layiqli gəlir əldə etmək hüququ var. Bunda qəribə heç nə yoxdur və klub üçün mənfilik yaratmamalıdır. Qeyd etmək istərdim ki, bizim “Qarabağ”a qarşı şərtlərimiz tamamilə məqbuldur və həddindən artıq deyil. Bir daha deyirəm, “Qarabağ”lıların belə davranışı bizim üçün anlaşılmazdır. Klub bizim təklifimizə cavab vermək əvəzinə məxfi məlumatları mətbuata ötürərək rəqəmləri açıqlayır. Biz bunu futbolçuya mənfi reputasiya yaratmaq üçün təzyiq kimi qiymətləndiririk. İlkin olaraq almalı olduğu maaşı götürsək, bunun üç dəfə artırılması tələbimizdən danışmırıq. Biz mümkün və məqbul şərtlər təklif etdik. Andrey özünü ləyaqətlə aparır. Ona daimi maraq olsa da, digər klublarla danışıqlar aparmır. Futbolçu bütün diqqətini futbola və “Qarabağ”a yönəldib, rəhbərliyə gedib qiymət “oxumur”, heç nə tələb etmir, ultimatum vermir.
– “Qarabağ”la müqavilə yayda başa çatır. Sözləşmənin bir illik uzadılması bəndi məcburidir?
– Klub danışıqlar prosesində bu variant haqqında bir neçə dəfə danışıb. Lakin mübahisəli və birmənalı olmayan bir sıra hüquqi incəliklər var. Təfərrüatları açıqlamaq istəmirəm, sadəcə deyim ki, bu seçim mövcuddur. Lakin müəyyən hallar baş verdikdə aktivləşdirilir. Amma FİFA təcrübəsi elədir ki, tərəflərdən birinin əmək münasibətlərinin birtərəfli uzadılmasına imkan vermir. İstənilən halda, futbolçunun razılığı lazımdır. Klubun endirim etməməli olduğu detallar var.
– Andreyin növbəti mövsümü başqa klubda keçirmək şansı var?
– Biz “Qarabağ”a hörmət edirik və danışıqlara açığıq. Amma “Qarabağ” bu cür davranışını davam etdirsə və bu mövsüm klubun uğurunda ciddi əməyi olan futbolçusu ilə danışıqlar prosesinin nüanslarını açıqlayaraq, mətbuat vasitəsilə təzyiq göstərsə, onun karyerasını başqa klubda davam etdirmək variantlarını ciddi şəkildə nəzərdən keçirəcəyik.
futbolinfo