"Yaxşı oyun keçdi. Təəssüf ki, erkən qol buraxdıq. Məhz bundan sonra daha yaxşı oyun göstərməyə başladıq. Müəyyən epizodlarımız var idi, istifadə edə bilmirdik. "Sumqayıt"ın da şansları oldu, onlar əks-hücuma yaxşı keçirlər. Oyunun tempi də kifayət qədər yaxşı idi. Bu mövsüm ən yaxşı oyunlarımızdan birini oynadıq. Futbolçularıma əhsən düşür, hesabı bərabərləşdirə bildilər. Qol buraxmaq təhlükəsi də var idi. Amma oyunçular sona qədər inanırdılar. Hakimlik barədə danışmağı xoşlamıram. Amma məncə, hakimlik meydandakı ən pis tərəf idi. Birinci hissədə üç dəfə VAR məqamı var idi. "Sumqayıt"ın qapıçısı topu nə qədər saxladı, amma cəmi 1 dəqiqə əlavə edildi. İkinci hissədə isə penalti var idi, baş hakim vermədi. "Araz-Naxçıvan"la görüşdə xatırlayırsız da, hansı şəraitdə penalti verdilər. Baş hakim hər iki komandanın göstərdiyi oyunu korladı".
Sportliqa.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 29-cu turunun "Sumqayıt"la oyunundan sonra "Neftçi" klubunun baş məşqçisi Miodraq Bojoviç deyib.
- "Neftçi"ni klub vəziyyətinə gətirmək çətindir, yoxsa komanda?
- Bu suala cavab vermək çətindir. Komanda hazırlıq mərhələsini buraxdı. Çünki uzun müddət baş məşqçi yox idi. Heç kim bilmirdi ki, komanda necə işləyir. Oyunçular haqda da nəsə deyə bilmirəm. Müəyyən vaxt keçib, hazırlığı buraxıblar. "Neftçi" daha da yaxşı oynaya bilər. Hər şeydən bir az- bir az çatışmır.
- Rusiyada yaxşı işləmisiz. Amma "Neftçi"də 11 çempionat oyununda 4 qələbəniz var. Nəyi dəyişməlisiz ki, uğur qazanasız?
- Vaxt çatışmır. Güclü komanda qurmaq vaxt tələb edir.
- Emin Mahmudov qol vurduqdan sonra onu dəyişdiz. Söz-söhbətlər gəzir ki, Mahmudovla aranızda sağlam münasibət yoxdur. Bu haqda nə deyə bilərsiz?
- Emin keçən həftə tam şəkildə məşq etmirdi. Ona görə əvəzlədim. Əvəzlənəndə narazı qalması məni sevindirir. Əgər oyunçunu dəyişəndə, o sevinirsə, demək problem var. Heç bir futbolçu meydanı erkən tərk etməyi sevmir. Emin və heç bir futbolçu ilə problemim yoxdur. Onların mənimlə problemi varsa, özümə deməlidirlər.
- Azarkeşlərin oyuna gəlməməsinin səbəbi odur ki, "Neftçi"nin göstərdiyi baxımlı oyun yoxdur...
- Başa düşürəm ki, azarkeşlər razı deyil. Amma yeganə bacardığım burada işləməkdir. Boş tribunalar qarşısında oynayırdıq. Sanki evdə deyildik. Azarkeşlər olsaydı, rəqibə təzyiq göstərərdi, 12-ci oyunçunu hiss edərdik. Biz "Sumqayıt"ın azarkeşlərini gördük. Çox deyildilər, amma onları eşidirdik.