AFFA-da tezliklə kadr islahatlarına start veriləcək. Yeni rəhbərlik qurumun bütün işçi heyətini araşdırmaqla məşğuldur.
Federasiyalar, şöbə və departamentlər, komitələr təftiş edilir, faydası ilə əməkhaqqı üst-üstə düşməyənlər müəyyənləşdirilir. Eyni zamanda AFFA-nın sabiq vitse-prezidenti və faktiki idarəçisi Elxan Məmmədova bağlılığı olan əməkdaşlar siyahıya alınır. Təbii ki, onların hamısı qovulmayacaq, bacarıqlı kadrlar saxlanılacaq, işi yalnız Məmmədovun özünə qulluq etmək olanlar yola salınacaq.
AFFA-dakı hazırkı durum fırtınaqabağı sakitlikdir. Hazırda assosiasiyada ciddi maliyyə yoxlaması aparılır. Köhnə rəhbərliyin maliyyə əməliyyatları araşdırıldıqdan sonra məsələlərin daha da böyüməsi ehtimalı çoxdur. Çünki ilkin araşdırmalardan sonra ciddi pozuntular aşkara çıxarılıb. Qurumun əməkdaşlıq etdiyi şirkətlər, onların bağlı olduğu adamlar da araşdırılır. Ola bilsin, sabiqlərdən məşhər ayağına çəkilənlər də olacaq, havaya sovrulan pulların hesabatı istəniləcək.
Təbii ki, bu, yalnız daxili araşdırma deyil. Bir çox detallar gizli saxlanılır, yekunlaşan kimi konkret addımların atılacağı gözlənilir. Xüsusilə Məmmədovun müxtəlif postlara yerləşdirdiyi kadrların vasitəsi ilə törətdiyi əməllər müzakirə mövzusudur.
Bütün bunlar haqda detallı yazacağıq. Hələlik prosesləri izləmək, yekununu gözləmək lazımdır.
futbolinfo.az