"Neftçi" klubunun idman direktoru Yens Andersonun iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Sportliqa.az xəbər verir ki, isveçli klub rəsmisi media nümayəndələrinin suallarını cavablandırıb:
- Artıq 6 aydır ki, "Neftçi"dəyəm. İlk təəssüratlarımı sizinlə bölüşəcəm. Nələr etmişik və gələcəkdə nələr etməyi planlaşdırdığımızı deyəcəm. Bu cür böyük kluba gəlmək, çox həyəcanvericidir. "Neftçi"nin böyük tarixi var. Yeni ölkəyə gəlmək çox çətin ola bilər. Amma əvvəlki klublardan da belə təcrübəm var. "Neftçi"dəki həmkarlarım məni çox yaxşı qarşıladı. Burada işləmək üçün yaxşı imkanlarımız var. Son müddətdə klubda islahalatar etmişik. Amma mən daha çox idman departamentinin fəaliyyəti haqda danışacam. Çalışdığım departament budur. Klubun digər planları haqda digər əməkdaşlarımız danışa bilər. Əvvəla idman departamentinin strukturunu dəyişdik. Burada təbii ki, əsas, əvəzedici komanda var. Bundan başqa transfer komitəsi var. Bura skautinq də daxildir. Bu departamentə daha bir departament əlavə edə bilərik. Hansı ki, klubun idman qurğuları ilə məşğul olacaq. "Neftçi"yə ilk gələndə şəraitlə bağlı təəccübləndim. Bizim təlim-məşq bazasında çox gözəl binamız var. Amma təəssüf ki, binanın içi tamamilə boş idi, ondan istifadə edə bilmirdik, biz konteynerlerdə çalışırdıq. Bu miqyasda klub üçün yolverilməzdir, düzgün deyil. Bazanın təmirinə zaman və resurslar, pul ayırdıq. Əvvəldən də təmir planlaşdırılırdı. Planı dəyişdik və bazanın birinci mərtəbəsində kifayət qədər yeniliklər etdik. Bunun sayəsində oyunçuların gündəlik işlərini mümkün qədər peşəkar etməyə çalışacağıq ki, bu, "Neftçi"də çalışma mədəniyyəti yaratsın. Eyni zamanda klubda skaut fəaliyyətinə kifayət qədər vaxt və diqqət ayırmışıq. Biz uzunmüəddətli transfer mövsümünə daxil olacağıq. Hazırki heyətdə yaşlı oyunçular kifayət qədər çoxdur. Bu dəqiqə skaut komandamızı maraqlandıran məsələ, düzgün xarakterə malik olan oyunçular tapmaqdır. Çünki indiki bazamızda əvvəlki dönəmlərlə müqayisədə daha çox çalışmaq lazım olacaq. Xatırlayırsızsa, ilk mətbuat konfransımda demişdim ki, əvvəldən danışmağı xoşlamıram. İşləyib daha sonra onun haqda danışmağı xoşlayıram. İndi isə danışmağın zamanıdır. Başa düşürəm ki, hazırda klubla bağlı müəyyən qədər narahatlıq, qəzəb var. Bəzən bu narazılıq və qəzəb klub daxilində də olub. Çünki yaxşı nəticələr gözləyirik. Böyük klublarlada uzunmüddətli uğur əldə etmək üçün qısamüddətli uğur da əldə etmək lazım olur. Hazırda daha çox uzunməsəfli hədəflərimizə enerji, vaxt ayırırıq. Qarşıdakı illərdə bunun önəmini görəcəyik. Bazanın qurulmasına çox vaxt sərf edirik. Təbii ki, bunun nəticəsini sabah "Zirə" ilə görüşdə görməyəcəksiz. Bəzən irəliyə iki addım atmaq üçün geriyə bir addım atmaq lazım olur.
- İdman departamentində sizdən başqa daha iki nəfər var: Kamil Məmmədov və Zaur Əzizov. Həm sizin, həm də onların fəaliyyəti nədən ibarətdir?
- Adını çəkdiklərinizdən başqa da departamentdə insanlar var. Mənim əsas vəzifəm ümumi idman departamentinin fəaliyyətini istiqamətləndirməkdir. Kamil və Zaur fərqli sahələrdən gələn, fərqli təcrübələri olan insanlardır. Zaur Əzizov əvvəl idman direktoru kimi çalışıb. Kamil Məmmədov isə digər istiqamətlərdə işləyib. Mən yerli deyiləm, ona görə onların təcrübəsi çox dəyərlidir və onlar təcrübələri ilə mənə dəstək verirlər. Zaur mənə daha çox klubdaxili məsələlərdə kömək edir. Akademiyada insanları tanıyır, gündəlik işləri həyata keçirməkdə kömək olur. "Neftçi" kimi böyük klublarda bir şəxsdən ibarət şou olmamalıdır, komanda işi olmalıdır. Zaurla Kamilin də bu işdə böyük təcrübəsi var. Amma təbii ki, veriləcək böyük qərarların yeganə məsuliyyət daşıyanı da mənəm. Hansısa oyunçu haqqında qərar verməyə gəldikdə, öz skaut komandamızla fikir alış-verişi edəcəm, sonda məşqçinin fikrini də soruşacam. Oyunçunun məvacibi, yaşını nəzərə alaraq, yekun qərarı mən qəbul edəcəm.
- "Neftçi" çoxlu transferlər həyata keçirdi. Bərbad və yararsız transferlər də var. Gətirilən oyunçuları necə dəyərləndirirsiz?
- 13 oyunçu haqda indi ayrı-ayrılıqda danışmağa vaxtım yoxdur. Qışda Brayan Moreno və Alfa Konte gəldi "Neftçi"yə. Hər ikisi gənc futbolçulardır. Onların xarici klublarda oynamaq təcrübəsi var idi. Düzdü, böyük deyildi. Təbii ki, ölkəyə, liqaya, Azərbaycan mədəniyyətinə öyrəşmələri üçün müəyyən qədər vaxta ehtiyac var. Skautinqdə ən çətin məqam odur ki, oyunçunu transfer edəndə, sizin liqanıza, oyun tərzinizə adaptasiya müddəti nə qədər çəkəcək. Brayan Morenonun oyununu müəyyən qədər görmüşük. Konteni də izləmək şansımız daha çox olacaq. Amma onlar cəmi üç aydır ki, buradadır. Mənim bu yaş qrupunda olan oyunçulardan çox xoşum gəlir. Onlar elə yaşdadırlar ki, ən yaxşı performansını görməmişik, gələcəkdə daha yaxşı performanslarını görə bilərik. Təcrübə və potensialın balansını qorumağa çalışırıq. Yay transferlərinə gəldikdə isə, həmin dövrdə "Neftçi"də deyildim, amma bu transfer barədə mənə məlumat verilib. Mənə deyildi ki, çox qısa vaxtda transferlər oldu və məşqçinin də onlarla çalışmaq üçün çox imkanı olmadı. Hazırlıq üçün qısa vaxt oldu. Təbii ki, adətən məşqçinin təsdiqlədiyi, bəyəndiyi oyunçuları almaq lazımdır. Əks təqdirdə, bu, problemlər yarada bilər. Bunun səbəblərindən biri qısa hazırlıq vaxtının olması idi. Oyunçunu qiymətləndirməyin ən doğru vaxtı, onun klubu tərk etdiyi vaxtdır. Məsələn, Andre Şinyaşiki son zamanlar daha yaxşı oynamağa başlayıb. Çünki müəyyən qədər adaptasiya dövrü keçib.
- İdman direktorunun infrastrukturdan, binanın inşasından danışması qəribədir. Sanki inşaata daha çox meyillisiz. Ümumiyyətlə, təcrübənizdə İdman direktorunun bazanın inşası ilə məşğul olması halı ilə qarşılaşmısız? Binanın inşası nə vaxta yekunlaşacaq?
- Bazanın inşası ilə bağlı təcrübəni İsveç və Danimarkada yaşamışam. Biz bazanın aşağı mərtəbəsinin eskizlərində də müəyyən dəyişikliklər etdik. Öz gündəlik işlərimizdə ehtiyacımız olan şeyləri bilirik və "Beşiktaş"lı həmkarlarımızdan müəyyən məsləhətlər almışıq. Yeni baza "Neftçi" üçün həlledici məqam olacaq. Çünki gündəlik işlərdə bazanın rolu çox böyükdür. Bu, "Neftçi" üçün yüksək nəticələr verəcək.
- Azərbaycan Qarabağ problemini həll etdi, amma "Neftçi" baza problemini həll edə bilmədi. Bazanız tam olaraq nə vaxt həll olacaq ki, onda "Neftçi" evinə köçəcək?
- Hazırda orada işçilər çalışır. Çox sürətli işlər gedir. Əvvəlki ssenaridən fərqli olaraq, dəyişiklik baş verir. Bina çox böyükdür, 6 mərtəbədən ibarətdir. Top komanda üçün hər şərait olacaq. Bazanın binası çox böyükdür. Mənə lazım olan üç mərtəbədir. Yeni mövsümə qədər birinci mərtəbə hazır olacaq. İkinci və üçüncü mərtəbə də payızda hazırlanacaq. Bizə əsas lazım olan ilk üç mərtəbədir. Komandanın bazaya köçməsi yeni sezonun əvvəlində olacaq.
- Andre Şinyaşiki 21 oyun 1 qol, Brayan Moreno 10 oyun 2 qol, Alfa Konte 8 oyun qol yoxdu, Lukas Melano 10 oyun qol yoxdu, Reziuan Mirzov 18 oyuna qol vurmayıb. Ümumilikdə 5 hücumameyilli futbolçu, 67 oyun və 3 qol. “Neftçi” üçün normal bir hücumçu, normal bir vinger tapmaq bu qədərmi çətindir?
- Futbol çox çətin oyundur. Etiraf edim ki, keçən mövsüm bizim üçün uğurlu deyildi. Skaut fəaliyyətində 1 futbolçu transfer etməklə 10 futbolçu transfer etmək arasında fərq var. "Bayer"lə bizim kluba oyunçu transfer etmək çox fərqlidir. Çünki onlar formalaşmış komandaya gəlirlər. Formula-1 maşını kimidirlər. Bizim vəziyyətimizdə olan klublarda oyunçuların bir-birinə alışması üçün zaman lazımdır. Fərqli oyunlar göstərmişik.
- Sosial şəbəkələrdə deyirlər ki, maaşınız 1 milyon avroya yaxındır. Məvacibinizi deyə bilərsiz ki, bu məsələyə son qoyulsun?
- İndiyə qədər heç vaxt mətbuatda maaşımı müzkirə etməmişəm. Etməyəcəm də. Klub etimad göstərib, buradakı işimdən çox razıyam.
- Yayda komandanı kimlər tərk edəcək?
- Əgər göndərilməsi nəzərdə tutulan "qara siyahı"nı nəzərdə tutursuzsa, məndə yoxdur. Onu jurnalistlərdən soruşun. Bizim oyunçularımızın bəzilərinin müqaviləsi bitir. Yeni mövsüm üçün müqavilələri olanlar da var. Dəyərləndirib, daha sonra qiymət verəcəyik.
- Gələcək planlarla bağlı danışdınız. Bunlar müqavilənizin olduğu iki illik zamanda baş verəcək?
- Bütün görülən işlər gələcəyə hesablanıb. Uzunmüddətli nəticələr üçün qısamüddətli işlər də görmək lazımdır. Təbii ki, uzunmüddətli və qısamüddətli uğurların balansını tapmağa çalışırıq. Böyük klublardan gözləntilər böyük olur. Bu müddət ərzində uğur əldə etməsəm, buradakı işim də çox davam etməyəcək. Bunu anlayıram. Təbii ki, komandanı sıfırdan yeniləmək, minimum 3 transfer pəncərəsi tələb edir. Futbolda asan yollar yoxdur. Bəzən irəliyə iki addım atmaq üçün geriyə bir addım atılmalıdır. Biz də bunu edirik.
- "Neftçi" ölkədə ən böyük futbol akademiyasına malik komandadır. Niyə akademiyadan əsas komanda üçün oyunçu çıxmır?
- Bu da böyük klublar üçün verilən suallardandır. Hamı istəyir ki, öz oyunçularını yetişdirsin. Amma kənardan da klubdan gözləntilər çox böyükdür. Ağadadaş Salyanski, Fərid Yusifli, İsmayıl Zülfüqarlı kimi oyunçularımız var. Onlar akademiyada yetişən yaxşı nümunələrdir. İsmayılla Fərid təcrübə qazanıb, yenidən komandaya qaytarılacaq. Akademiyanın inkişafına da ciddi diqqət ayıracağıq. Biz də öz oyunçularımızı yetişdirmək istəyirik.
- Miodraq Bojoviçin komandaya gətirilməsində sizin fikriniz nə dərəcədə öyrənilmişdi? Onun qarşısına kuboku qazanmaq və ikincilik məqsədi qoyulmuşdu. Baş məşqçinin yeni mövsüm üçün komandada qalıb-qalmaması sizin fikrinizdən asılı olacaq?
- Bəli. Hər həftə qiymətləndirmə aparıram. Biz işimizi öncədən görürük, qiymətləndirmə aparırıq. Hazırda Premyer Liqada 6 tur qalıb. Bunun nəticəsində onu qiymətləndirəcəyik.
- "Neftçi" çox qısa müddətdə oyunçu seçir. Transfer siyasətində bu dəfə fərqlilik olacaq? Strategiya necədir, məqsəd avrokuboklardır, yoxsa yerli çempionat?
- Skautinqdə 12-14 əsas prinsip var. Bizim əsas prinsipimiz canlı olaraq oyunçuları görməkdir. Onların xarakteri də önəmlidir. Kompüter vasitəsilə onları filtirdən keçirə bilərik, amma canlı da görmək istəyirik. Videoda onların topla olduğu durumunu görürük, topsuz görmürük. Transferləri şəxsən tanıyaraq seçmək istəyirik. Bizim qısamüddətli hədəfimiz odur ki, hər oyuna qələbə əzmi ilə çıxaq. Hazırda öz heyətimizi planlaşdırmaq yönündə çox çalışırıq. Avrokuboklarda təsnifat mərhələləri tez başlayır. Yeni mövsümün çalışmalarına artıq başlamışıq.Hazırlıqlara erkən başlamaq üçün təsnifat mərhələsi çox yaxşı şans verəcək. Burada oturub sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq.
- Azarkeş qrupu əsas komandanın oyunlarını boykot etməsini necə şərh edəcəksiz?
- Böyük klublarda iş təcrübəm olub. Hansı ki, böyük azarkeş kütləsi var. Böyük azarkeş kütləsi olan klublarda çalışmağı çox sevirəm. Təcrübə etmişəm ki, kluba olan azarkeşlik bəzən qəzəbə, bəzən narazılığa da çevrilə bilər. Bunu çox yaxşı anlayıram və böyük hörmətlə yanaşıram. Amma şəxsi fikrim belədir ki, boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil. Çünki klubu sevirsizsə, həm yaxşı, həm də pis zamanlarda yanında olmaq lazımdır. Bura gələndə, "Forza Neftçi" azarkeş qrupunu görəndə, müsbət mənada çox təəccüblənmişdim. Özüm də görürəm ki, oyunçular onların stadionda yaratdığı atmosfer üçün darıxırlar. İnanıram ki, onlar geri qayıdacaqlar. İstəyərəm ki, azarkeşləri stadionda görək. "Zirə" ilə görüşdə onların dəstəyini görmək istəyərdik. Klub uğur əldə etmək istəyirsə, birlik olmaq lazımdır. Bütün azarkeşlərimizin sabahkı oyunda stadionda olmasını istəyərdim.