"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan kubokunun yarımfinalında "Neftçi"yə 4:1 hesabı ilə qalib gələrək finala yüksəldikləri cavab oyunundan (ilk matç 4:0) sonra jurnalistlərə açıqlama verib.
Sportliqa.az xəbər verir ki, 23 yaşlı futbolçu öncə oyun barədə danışıb: “Rəqiblər arasında fərq qoymuruq. Bütün rəqiblərə qarşı eyni cür hazırlaşırıq. Ola bilsin ki, "Neftçi" ilə oyunlar Azərbaycan derbisi olduğuna görə, motivasiya daha yüksək olur".
Bayramov ilk oyunda böyükhesablı qələbə qazanmalarına baxmayaraq, “Neftçi”dən müqavimət gözlədiklərini bildirib: “Niyə də gözləməyək? Bu, futboldur. Məsələn kubok matçında səfərdə "Sabah"ı 7:1 məğlub etdik, amma evdə 4 top buraxıb məğlub olduq. Hər oyuna daha yaxşı hazırlaşmaq lazımdır. Qəfəs döyüşü deyil ki, kiməsə rəhmimiz gəlsin. Güclü olan qalib gəlir. Kim çox istəyirsə, o da udur ”.
Toral final görüşü haqda da fikirlərini bildirib: “İki il əvvəl "Zirə" ilə final oynamışıq. Penaltilər seriyasında qalib gəlmişdik. Ümid edirəm, bu dəfə daha maraqlı oyun olar. Ən azı azarkeşlərimiz stadionu doldurar və final ab-havası yaşayarıq”.
O, avrokuboklarda “Qarabağ”ı mübarizədən kənarlaşdırmış “Bayer”in Almaniya çempionluğunu rəsmiləşdirməsi barədə də danışıb: “Çempion olduqları matçı canlı izləmədim. Sonradan epizodlara baxdım. Gözəl atmosfer var idi. Ümid edirəm ki, Avropa Liqasında da çempion olarlar”.
“Qarabağ”ın müdafiəçisi özü ilə bağlı transfer iddiaları barəsində suala isə belə cavab verib: "Qalatasaray" söhbəti keçmişdə qalıb. Gündəmə çox şey gələ bilər. Real bir şey yoxdur. "Qarabağ"dayam. Müqaviləm var və komandamın uğurları haqda fikirləşirəm”.
O, sonda komanda yoldaşı Bəhlul Mustafazadə ilə şahmat oynamasından da danışıb: “Bəhlulun şahmata marağı daha çoxdur. Mən də bacarıram. Bəhlul qədər anlayışım olmasa da, bacardığım qədər maraqlanmağa çalışıram”.
Foto: Elmir Kərimov
qol.az