“Neftçi”nin müdafiəçisi Yuri Matias “Qarabağ”a qarşı keçirilən Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunundan (1:4) sonra jurnalistlərin suallarını cavablandırıb.
- 1:4 hesablı məğlubiyyəti necə şərh edərdiniz?
- “Qarabağ”a qarşı oynamaq həmişə çətin olub. Hamı bilir ki, onlar keyfiyyətli oyunçulara sahibdirlər. Hər matçda da bunu göstərirlər. Azarkeşlərimizdən üzr istəyirəm. Onlar derbi matçlarında bizdən qələbə gözləyirlər. Biz isə onları sevindirə bilmirik. “Qarabağ”la görüşdə də əlimizdən gələni etdik, amma bu, qələbə qazanmaq üçün kifayət etmədi. Məğlubiyyət üzücüdür. Bilirəm ki, azarkeşlərimiz də çox məyus olublar. Təəssüf ki, onların etimadını doğrultmuruq.
- Son 2 çempionat oyununda “Qarabağ” optimal olmayan heyətlə meydana çıxmışdı. Rəqibin ilk matçdakı 4:0 hesablı qələbədən sonra cavab görüşünə ideal “11-lik”lə çıxması sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Bu onu göstərir ki, “Qarabağ” “Neftçi”yə hörmətlə yanaşır. “Neftçi” böyük klubdur, şanlı tarixi var. “Qarabağ”ın meydan əsas heyətlə çıxması məni təəccübləndirmədi. Çünki gözləyirdim ki, belə də olacaq.
- “Qarabağ”la görüşün ikinci hissəsində zədələnib, meydanı vaxtından əvvəl tərk etdiniz. İndi vəziyyətiniz necədir?
- Epizodların birində ayağım burxuldu, bir qədər ağrı oldu. Bazar günü çempionatda vacib oyunumuz olduğuna görə düşündüm ki, əvəz olunmağım daha doğrudur.
- Yarımfinal qarşıdurmasında ümumi nəticə 1:8 oldu. Bu, nəyin göstəricisidir: “Neftçi” çox zəifdir, yoxsa “Qarabağ” çox güclüdür?
- “Neftçi”də stabillik çatışmır. Məncə, stabil çıxış edə bilsək, nəticələr daha da yaxşılaşar. “Qarabağ”a gəldikdə isə hamı bilir ki, bu, illərin komandasıdır. Avropada hər il böyük komandalara qarşı oynayırlar, daha da güclənirlər. Stabillik olsa, o səviyyəyə çata bilərik.
- “Neftçi”nin əvvəlki kimi əzəmətli olması üçün nə lazımdır?
- Bura gəlməmişdən əvvəl də “Neftçi”nin oyunlarını izləmişəm. Bilirəm ki, yaxşı nəticələr qazanan klub olub. Amma mən cəmi 1 ilə yaxındır burdayam. Ona görə də düşünürəm ki, bu sualınıza cavab verəcək adam mən deyiləm. Bu suala konkret cavab vermək üçün daha çox vaxt lazımdır.
- Rumıniya mətbuatına açıqlamanızda sabiq klubunuz ÇFR-ə qayıdışı istisna etməmisiniz...
- Adım Rumıniya mətbuatında son 1 ayda çox hallanır. Təkcə ÇFR deyil, digər klublarla da. Bu, normaldır. Çünki ÇFR-də uğurlu çıxış etmişəm. Çempion olmuşam. O ki qaldı müsahibəyə, onu deyim ki, həmin mətni Azərbaycan mətbuatı düzgün tərcümə etməyib. Mən demişəm ki, nə vaxtsa imkan olsa, bəli, ÇFR-ə qayıda bilərəm. Çünki o klubla bağlı xoş xatirələrim var. Eyni şeyi “Neftçi”yə də aid edirəm. Tutaq ki, sabah “Neftçi”dən getsəm, gələcəkdə yenidən bu kluba qayıda bilərəm.
- “Neftçi” azarkeşləri tribunaya nə vaxt qaytaracaq?
- Bura gəldiyim ilk gündən azarkeşlər məni yaxşı qarşıladılar. Onların dəstəyinə ehiyacımız var. Fanatlar həmişə bizim 12-ci oyunçumuz olublar. Həmişə çalışmışam səmimi olub. İndi də səmimi deyirəm ki, bu boykotun “Neftçi”yə köməyi olmayacaq. Klubun adı oyunçulardan üstün olmalıdır. Azarkeşlər “Neftçi”ni dəstəkləməyə davam etməlidirlər. Onlarsız oyunlarımız çətin keçir. Darıxmışıq. Düşünürəm ki, onlar da bizim üçün darıxıblar. Növbəti oyunlarda bizi dəstəkləyəcəklərinə inanıram.
- Artıq kubok əldən getdi. Mövsümün sonunda “Neftçi” neçənci yeri tutsa, bu, uğur sayılacaq?
- Hazırkı durumda çempionluq əldən gedib. İndiki halda məqsədimiz yalnız və yalnız ikinci olmaqdır. Bu nəticə uğur sayılacaq.
- Gümüş medal qazanmaq üçün şansları necə dəyərləndirirsiniz?
- Bu, mümkündür. Hər şey öz əlimizdədir. Son 5 turda qarşılaşacağımız rəqiblərin çoxu avrokuboklar uğrunda mübarizə aparır. Odur ki, son 5 matçda qalib gəlsək, istəyimizə çata bilərik.
Foto: Firudin Salimov
futbolxeber.az