Yeni mövsümdə “Sumqayıt”ın yeni prezidenti olacaq. Daha çox menecer kimi tanınan Riad Rəfiyevin bu postda fəaliyyəti başa çatır.
Sportliqa.az futbolinfo.az-a istinadən xəbər verir ki, hazırda AFFA-nın sabiq vitse-prezidenti Elxan Məmmədovun kadrı kimi tanınan Rəfiyevin fəaliyyəti araşdırılır. 2018-ci ilin martında bir gecənin içində “Neftçi”yə gətirilən Kamran Quliyevin əvəzinə “Sumqayıt”a prezident göndərilən Riad bəyin bu dövrdəki əməlləri aşkara çıxarılır.
Araşdırmaların nəticəsi haqda hələlik bilgi verilmir, lakin onun postunda qalmayacağı dəqiqdir. AFFA-dakı hazırkı maliyyə yoxlamalarında bir çox əməliyyyatlarda Rəfiyevin bağlantıları üzə çıxıb. “Sumqayıt”ın dövlətin ayırdığı yardımın xərclənməsinə dair hesabatlarında problemlər var. Assosiasiyanın bəzi şübhəli ödəmlərinin də bir ucu Riad bəyə gedib çıxır.
Mayın əvvəlində AFFA-da reallaşacaq qovulmalardan sonra mənzərə daha da aydınlaşacaq. Çox güman, məsələ yalnız işdən azad olunma ilə bitməyəcək, cavabdehlər yoxa çıxan vəsaitlərin geri qaytarılmasını təmin etməli olacaqlar.
Konkret “Sumqayıt”a gəlincə, Rəfiyevin yerinə gətiriləcək şəxs də bəllidir. AFFA İcraiyyə Komitəsinin yeni tərkibində yer alan Xəyal Cəfərovun prezident postuna əyləşəcəyi deyilir. Təsadüfi deyil, o, bu quruma məhz “Sumqayıt”dan namizəd kimi irəli sürülmüşdü.
Bir ara Cəfərovun AFFA-ya prezident gedən Rövşən Nəcəfin əvəzinə “Neftçi”nin Müşahidə Şurasının rəhbəri olacağı deyilirdi. Amma Bakı Neft Emalı Zavoduna (NEZ) direktoru hələlik “Sumqayıt”da iş başında olacaq. “Neftçi”nin kimə tapşırılacağı isə bəlli deyil.