"Zirə" klubu Azərbaycan Premyer Liqasının 32-ci turunda öz meydanında "Araz-Naxçıvan"a 061 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularıma təşəkkürümü bildirirəm. Qələbə qazanmaq üçün 90 dəqiqə əlimizdən gələni etdik. Fürsətlərdən yararlana bilmədik. Rəqibin 90-cı dəqiqədə qapımıza ilk ciddi zərbəsi qolla nəticələndi. Mövsüm ərzində belə oyunlar olur. Bu da onlardan biri idi. Ərazi üstünlüyümüzü daha çox qol epizodları yaratmağa çevirə bilmirdik. Belə olan halda məğlubiyyət qaçılmaz olur. Amma ən azı oyun heç-heçə bitməli idi. Təəssüf ki, son dəqiqələrdə standart vəziyyətdən gözlənilməz qol buraxdıq. Ruhdan düşməməli, oyunumuzu davam etdirməliyik.
- Düşünürdüz ki, "Araz-Naxçıvan" bir qol vurub qələbə qazanacaq?
- Son dəqiqələrdə düşünürdüm. Bu qədər üstünlüyü qola çevirə bilmirsənsə, son dəqiqələrdə sənin üçün çətin keçəcək. Korner olanda ürəyimə damdı ki, qol olacaq. Hər komanda mövsüm ərzində 4-5 belə oyun keçirir.
- Yenə Elmar Baxşıyev - Rəşad Sadıqov duelində həmkarınız qələbə qazandı...
- Onu qələbə münasibətilə təbrik edirəm. Açığı Elmar Baxşıyevin müdafiəyəmeyilli futbol oynatdığını ilk dəfədir görürdüm. Onun həmişə hücum futboluna alışmışıq. Müdafiəni yara bilmədik.
- Qismət Alıyevin sarı vərəqə gördüyü epizodda hakimə etiraz etdiniz. Həmin epizod və ümumiyyətlə hakimlik haqda fikirləriniz necədir?
- Hələ mübahisəli epizodlara baxmamışam. Bəli, dediyiniz epizodda etiraz edirdim. Çünki baş hakim Cavid Cəlilov 5 metr məsafədə, Nicat bəy isə 30 metr məsafədə idi. Cavid Cəlilov davam göstərdi. Dördüncü hakim isə oyunu saxlayıb sarı vərəqə verdirdi.
- "Zirə"yə hakimlərin mane olacağı ilə bağlı qorxunuz var?
- Hakimliklə bağlı köhnədən qalma bağlantılar var. Bəzi klubların hakimlərlə münasibəti... Əminəm ki, bu, yaxın gələcəkdə aradan qalxacaq. Amma hələ ki, davam edir. O bağlantılar aradan qalxmayana qədər çempionatda hər şey ola bilər. Bu gün ən azı 7-8 xal fərqlə 2-ci yerdə olmalı idik. Verilən, verilməyən penaltilər, ofsayd və s. Bu tip epizodlar çox olub. Təəssüf ki, mövsümün sonunda heç kim bunları yada salmayacaq. Bəzi qərarlar çəkilən əziyyətləri yerə vurur. Mənim 30 illik futbol təcrübəm var. İnşallah bəzi klubların hakimlərlə bağlantıları yaxın gələcəkdə aradan qalxacaq. Əminəm ki, gələn mövsümə qalmayacaq. Əvvəldən belə şeylərə göz yumulub. Müəyyən insanlar münasibətlərindən istifadə edirlər.
- Sizin dedikləriniz dünən "Sumqayıt"la oyunda "Qarabağ"ın verilməyən penaltisi ilə də bağlıdır?
- Ümumən hakimlikdən danışıram. Hansısa oyunu, epizodu qabartmaq istəmirəm. Avrokubok zonasında olan bütün komandalar əla performans göstərir. Amma çox ciddi və qərəzli şəkildə hakim səhvləri var. Bu qədər təsadüf ola bilməz. Bəlkə kimsə elmsizdir. Amma elmsiz deyillər. Elə olsaydı, bir-iki dəfə də tam əks qərar verərdilər. 4 tur qalıb. Çalışacağıq ki, qarşımıza qoyduğumuz yerdə mövsümü bitirək.
- Ceyhun Nuriyevin yoxluğunun məğlubiyyətə təsiri oldu?
- Düşünmürəm ki, onun yoxluğu hiss olunurdu. Təbii ki, istəyərdim bizimlə olsun.
- Qeydə alınmayan qolunuzdamı ofsayd epizodunu necə şərh edərdiniz?
- Görməmişəm. Baxmadığım epizod haqda danışmağı düzgün hesab etmirəm. Amma tək bu deyil ki, o qədər epizodlar var. İnanıram ki, Azərbaycan futbolu qərəzli səhvlərdən qurtulacaq.
- Yeni AFFA rəhbərliyinə inanaraq belə ümidli danışırsız?
- Bəli. Yeni rəhbərliyə inanıram. Hakim səhvləri qaçılmazdır. Amma əminəm ki, bu tip səhvlər aradan qalxacaq. Hakimlik yer üzərində ən məsuliyyətli işdir. Axirətdə onların sorğu-sualı ağır olacaq. Komandalar ilboyu əziyyət çəkir. Amma hakimlərin soyuqqanlı halda verdiyi qərarlar çempionatın birbaşa gedişatına təsir edir.