“Düşünürəm ki, çoxsaylı qol epizodlarını reallaşdıra bilmədik. Rəqibin isə xatırladığım qədər qapımıza cəmi 1 zərbəsi oldu və o da qolla yekunlaşdı. Futbolda belə hallar olur. Nə qədər üstün olsan da, bəzən kiçik bir səhv bütün oyunun taleyini həll edir. Bu məğubiyyətdən dərs çıxarmalı və gələn oyunlarda daha diqqətli olmalıyıq”.
Sportliqa.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan Premyer Liqasının 32-ci turunda “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.
O, artıq çempionluğu təmin etdiklərindən Premyer Liqa matçlarına lazımınca köklənə bilməmələri ehtimalına belə münasibət bildirib: “Hardasa bunun rolu ola bilər. Lakin “Sumqayıt”la oyunda meydanda olan hər kəs hesabı dəyişmək üçün çalışırdı. Sona qədər əlimizdən gələni etdik. Təəssüf ki, alınmadı. Növbəti matçlarda daha yaxşı çıxış etməliyik”.
27 yaşlı futbolçu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaşanan anşlaqa da toxunub: “Yeni stadionda, belə gözəl atmosferdə oynamaq hər iki komanda üçün xoş idi. Biz futbolçular stadiondakı ab-havadan, azarkeşlər isə sərgilənən futboldan zövq aldılar. Düşünürəm ki, oyunun keyfiyyəti yaxşı idi. Belə stadionda oynamaq hər iki tərəf üçün xoşdur”.
B.Mustafazadə növbəti turda qarşılaşacaqları “Neftçi” ilə görüş üçün əlavə motivasiyaya ehtiyac duymadıqlarını bildirib: “Neftçi” ilə oynamaq hər zaman xoşdur. Bu komandanın adı elə əlavə motivasiyadır. Qarşıdakı matça çox ciddi hazırlaşacağıq. Kubokla çempionat oyunu arasında fərq böyük olur”.
“Qarabağ”ın müdafiəçisi Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasını istədiyini söyləyib: “Komanda sayı artsa və regionlarda dolu tribunalar qarşısında oynasaq, bu, çox faydalı olacaq. Mən də çox istərdim ki, komanda sayı artırılsın. Bu qərar futbolumuzun yalnız xeyrinə ola bilər”.
futbolxeber.az