"Neftçi"nin futbolçusu Rza Cəfərov Misli Premyer Liqasının 33-cü turunda "Qarabağ"la oyundan (0:5) sonra jurnalistlərə açıqlama verib.
Sportliqa.az xəbər verir ki, 20 yaşlı qapıçı öncə oyunla bağlı fikirlərini bildirib: “Deyəcək heçnə yoxdur. Gördüyünüz kimi... Meydana qələbə üçün çıxmışdıq, amma alınmadı”.
O, “Neftçi”nin belə nəticələr göstərməsinin səbəbini nədə görürsünüz?” sualına bu cür cavablandırıb: “Mən meydana çıxıb öz işimi görməyə çalışıram. Başqa heçnə deyə bilmərəm. Öz oyunumdan danışsam, 5 qol buraxmışam, necə qiymətləndirə bilərəm? Çox pis”.
R. Cəfərov, azarkeşlərə çağırış etdikdən sonra bu cür məğlubiyyətin onlara pis təsir edəcəyini qeyd edib: “Biz də çox məyusuq. Onlar da meydana təzə qayıtmışdılar. Belə nəticənin qeydə alınması həm azarkeşlər üçün pis oldu, həm klub üçün. 3 turumuz qalıb. Onları qazana bilsək, yaxşı olar”.
O, Yuri Matiasın 79-cu dəqiqədə aldığı qırmızı vərəqə haqda da danışıb: “Orda mümkün ofsayd epizoduna görə hakimə narazılıq bildirdi. Mən uzaqdan görmürdüm, ora çatmadım. Yəqin ki, etirazla əlaqəli olar”.
Sonda R. Cəfərov heç bir kluba getmək fikri olmadığını bildirib.(qol.az)