"Araz-Naxçıvan" klubu Azərbaycan Premyer Liqasının 33-cü turunda öz meydanında "Sabah"a 0:1 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Oyunu iki hissəyə ayırardım. İlk yarıda meydanda istədiyim komandanı görə bilirdim. Çoxlu hücumlar etdik. Son nöqtəni qoymaqda çətinlik çəkirdik. Komandanın əzmkarlığından razı qaldım. Qarşıda üç oyun var. İnanıram ki, daha artığını edə bilərik.
- Bəxtinizin gətirmədiyini demək olar?
- Bəli, "Sabah" bəxt sayəsində qalib gəldi. Onların qələbəsinə kölgə salmaq istəmirəm. Amma bu futbolun bir hissəsidir. Epizodları dəyərləndirməyəndə qapında belə qol görməlisən.
- İkinci hissədə ilk yarıdakı oyunu davam etdirmək üçün nə çatmadı?
- İkinci hissənin ilk 15-20 dəqiqəsində oyun ritmindən düşdük. Rəqib həmin anlarda üstünlük qazandı. Zaman keçdikcə ritmə qayıtdıq. Məğlub olmaya bilərdik. Bu gün şans rəqibin tərəfində idi.
- Yeni mövsüm üçün hansı planlarınız var?
- Gələn mövsüm barədə danışıq olmayıb. Çempionatı başa vurmaq lazımdır. Hər oyuna yüksək hədəf üçün çıxırıq.