"Turan Tovuz" klubu Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.
Sportliqa.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Bu oyun klub olaraq bizim üçün vacib idi. Futbolçuların psixoloji gərginlikdən çıxması, birliyimiz üçün önəmli matç idi. Rəhbərliyə təşəkkür edirəm, komandanın arxasında oldular. Turnir cədvəli baxımından həm bizim üçün, həm də rəqib üçün rahat oyun idi. Oyuna nəzarət edirdik. Amma rəqibin təhlükəli əks-hücumları oldu. Birinci hissədə rəqibin cərimə meydançasında qərarlarımız düzgün olmadı. İkinci yarımda isə yaxşı hücumlarımız oldu. Yolumuza davam edəcəyik. İki oyunumuz qalıb. Daha sonra növbəti mövsümü fikirləşəcəyik.
- Sanki futbolçularınız həvəssiz idilər...
- Turnir cədvəlindəmi durum təsir edir. Həvəssiz deməzdim, rahatlıq var idi. Oyunun içində çox yaxşı şeylər etdik. Bu, gələcəyimiz üçün vacib olacaq.
- Kamal Bayramovun mətbuata verdiyi açıqlamalar barədə fikriniz necədir?
- Kamal kapitan kimi danışmalı idi. Onun danışmağında heç bir qəbahət yoxdur. Amma özünə də demişəm ki, bəzi mövzulardan uzaq olmaq lazım idi. Həmin mövzular qıcıq yaradır. Köhnə illərin söhbətlərinə qayıtmaq bu gün bizim mövzumuz deyil. Premyer Liqada möhkəmlənmək, özünüzə uyğun oyun stili formalaşdırmağa çalışırıq. Bəzən alınır, bəzən alınmır. Alınmayanda basqılar olacaq. Kamalın bir az diqqətli danışmağı daha yaxşı olardı. Tövsiyələrimizi vermişik. Kamal özü də başa düşür.