"Sumqayıt" Azərbaycan Premyer Liqasının 34-cü turunda doğma meydanda"Səbail"i 2:1 hesabı ilə məğlub edib.
Sportliqa.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Həftə içində onlar, əsasən də legionerlər canfəşanlıq göstərirdilər, azarkeşləri stadiona dəvət edirdilər. Bu gün yaxşı dəstək var idi. Zeynəb Məmmədyarova, İlham Zəkiyev, Rafael Ağayev, Murad Arif, onların hər birinə təşəkkür edirəm. Bizim o cür dostlarımız var. Məncə, bizə heç kim dəyə bilməz. Onlar yanımızda olanda başqa motivasiya verir. Oyuna gəldikdə, futbolçular psixoloji olaraq çox yüklənib. Bu, yaxşı deyil. Avropada olmaq istəyirlər. Bunun qarşısını ala bilmərik. Bəlkə də təyziq bu cür oynamağa səbəb olur.
- Şahin Diniyev "Səbail"in daha yaxşı oynadığını dedi...
- Artıq "Səbail"lə oyunlardan sonra dördüncü mətbuat konfransıdır ki, eyni sual verilir. Amma dördüncü dəfə də biz uduruq. Şahin müəllim mənim məşqçim olub. Belə görübsə, haqq qazandırıram. Doğrudan da "Səbail" yaxşı oynadı.
- Kənarda sakit görünürdüz. Bu, futbolçuları təzyiqə salmamaq üçün idi?
- Səbəb sırf bu idi. Mən də öz təzyiqimlə onları yükləmək istəmirdim. Həmin ərafə deyil ki, mən coşum, hirslənim. İstəmədən özümü cilovlamışam.
- İkinci yeri tutmaq üçün "Sumqayıt"a nə mane ola bilər?
- Məni qorxudan futbolçuların üzərində olan təzyiqdir. Düşünürəm ki, qol buraxsaq, nələr baş verə bilər. Sına da bilərik. Şükürlər olsun ilk qolu buraxmırıq.
İkinci olsaz, "Neftçi"dəki çempionluqdan daha böyük uğur saymaq olar?
- Bəli, saymaq olar. Amma futbolçularım olmasaydı, mən bunu əsla edə bilməzdim.