"Səbail" Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Ulduzmağımıza baxmayaraq, meydanda komanda var idi. "Sumqayıt"ı təbrik edirəm. Amma bu gün "Səbail" daha yaxşı futbol oynadı. Mənim üçün əsas oyundur. Oyun olduqda nəticə gələcək. 6-cı yer də bizim üçün nəticədir. Gələn il daha yaxşı olacağıq. Yeni komandayıq. Stabilliyin çatmaması normaldır. İtirdiyimiz xallar bizi çox məyus edir. Avrokuboklar uğrunda mübarizə aparan komandaların hər biri ilə başa-baş oynadıq. İrəli baxırıq, nikbinəm. Futbolçularımla fəxr edirəm. "Sumqayıt"ı 90 dəqiqə təzyiq altında saxladıq. Standart vəziyyətlərdən asan qollar buraxdıq. Bizim də penaltimiz var idi. O verilsəydi, oyun dəyişəcəkdi.
- Mövsümün əvvəlində yığdığınız sürəti sona qədər çatdıra bilmədiz. Səbəb nədir?
- Yeni heyətin olması imkan vermədi. Nə qədər rotasiyalar etmişəm. İdealı tapmaq üçün zaman lazımdır. 8 ayda bunları etmək çox çətindir. Biz 6-lıq üçün oynayırdıq. Amma gələn il üç mövqeyi düzəldə bilsək, daha etibarlı oynayacağıq.
- Yeni mövsümlə bağlı rəhbərliklə danışığınız olub?
- Yox, hələ ki olmayıb. Problemlərin həllini düşünmək lazımdır.
- Bu mövsüm "Sumqayıt"a dörd oyunun hamısında uduzmusuz...
- Bu gün hansı komanda güclü idi? Düşünürəm ki, “Səbail” güclü idi. Biz avrokubok hədəfi qoymamışdıq. Buna layiq olub-olmamaq başqa şeydir. Bu sözü komandaya demək olmaz. “Səbail” avrokuboklarda oynamağa layiq komandadır. Futbol faktı sevir. Düzdür, nəticələr ortadır.