"Çox gərgin mübarizədir. Nəsə demək olmur. Çoxdandır ki, belə maraqlı mübarizə görməmişdik".
Sportliqa.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov deyib. O, "Zirə, "Neftçi", "Sabah" və "Sumqayıt"ın avrokuboklara vəsiqə qazanmaq uğrunda apardıqları mübarizədən danışıb.
Hazırda Premyer Liqanın turnir cədvəlində "Neftçi" 56 xalla 2-ci, "Zirə" 55 xalla 3-cü, eyni xalı olan "Sabah" 4-cü, "Sumqayıt" isə 54 xalla 5-cidir. Mövsümün son - 36-cı turunda "Neftçi" "Sabah"la, "Zirə" "Səbail"lə, "Sumqayıt" isə artıq mövsümü sonuncu pillədə başa vuracağı dəqiqləşən "Qəbələ" ilə qarşılaşacaq.
Ə.İsmayılov bu 4 komandanın hər birinin avrokuboklara vəsiqə qazanmağa layiq olduğunu deyib:
"4 komanda həm 2-ci yer, həm də avrokuboklar uğrunda yarışır. Son tur çox gərgin keçəcək. Şans hər bir komandanın öz əlindədir. Bir az "Zirə" və "Sumqayıt"ın üstünlüyü var. Çünki hər ikisi evdə oynayır. Onların qələbə qazanmaq şansı çoxdur. "Sabah"la "Neftçi" də son vaxtlar formadadırlar, qalib gəlirlər. "Sabah" və "Neftçi" arasında maraqlı mübarizə olacaq. "Zirə"nin Azərbaycan kubokunu qazanmaq şansı da qalır. Amma çox çətin görünür. Çünki finalda "Qarabağ"la qarşılaşacaqlar. "Qarabağ" kuboku asanlıqla "Zirə"yə verməyəcək. Ona görə də "Zirə" üçün ən real şans Premyer Liqadan avrokuboklara vəsiqə qazanmaqdır. Əllərindən gələni edəcəklər ki, medal qazansınlar və Avropa kubokuna vəsiqə əldə etsinlər. Bütün komandalara uğurlar arzu edirəm. Kim layiqdir, o da qazansın. Əsas odur ki, Azərbaycan futbolu yuxarılarda olsun".
Qeyd edək ki, sözügedə oyunların hamısı mayın 25-də keçiriləcək və saat 19:00-da başlayacaq.
Mənbə: Qol.az