“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov klub ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, "ağ-qaralar" bu barədə rəsmi məlumat yayıb: "Fəaliyyəti ərzində uzunmüddətli perspektivdə müsbət dəyişikliyə səbəb olacaq yeni işlərin təməlinin qoyulmasında göstərdiyi xidmətlərə görə Fərrux bəyə təşəkkür edir, gələcək karyerasında uğurlar diləyirik".
Fərrux Mahmudov öz sosial şəbəkə hesabında klubla vidalaşıb:
"Bu gün “Neftçi” PFK-nın baş icraçı direktoru vəzifəsində sonuncu günümdür. Klub ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Bu şərəfli, eyni zamanda məsuliyyətli yolun bir parçası olmaqdan qürur duyuram. Bu müddət ərzində qarşıya qoyulan məqsədlərin hamısını reallaşdıra bilməsək də, əsaslı və perspektivli işlərə imza atdıq. Göz qabağında olmayan bu işlərlə böyük bir dövrün, böyük bir dəyişikliyin təməlini qoyduq. Hər kəsə - komanda yoldaşlarıma, futbolçulara, həmkarlara, azarkeşlərə təşəkkürümü bildirir, “Neftçi”yə uğurlar, layiq olduğu yerlər və parlaq nailiyyətlər arzu edirəm".