“Müqavilə müddəti 1 ildir. Bu, başlanğıcdır. Bizdə müqavilələr şərti olur. Bu il üzərimizə böyük iş düşür. Sonra oturub danışacağıq”.
Sportliqa.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın yeni baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis qarşısına qoyulan hədəflər barədə bunları söyləyib: “İlk növbədə yaxşı komanda qurmalıyıq. Bilirik ki, “Şamaxı” 1-ci liqadan gəlib. Yeni mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq lazımdır. Çətin olacaq. Ancaq inşallah yaxşı komanda quracağıq. Əsas məqsəd möhkəm komanda qurmaq və çempionatda yerimizi möhkəmlətməkdir”.
O, köməkçiləri ilə bağlı məsələnin tam dəqiqləşmədiyini vurğulayıb: “Köməkçilərim məsələsi sabah tam aydın olacaq. Böyük ehtimalla, “Turan Tovuz”dakı köməkçilərimin hamısı “Şamaxı”da da mənimlə birgə olacaqlar”.
“Şamaxı” əvvəllər yalnız yerlilərlə mübarizə aparsa da, bu mövsümdən komandaya legionerlər də cəlb olunacaq: “Bu məsələni müzakirə etmişik. Klubun da öz baxışı var. Yeni mövsümdən komandaya legionerlər cəlb olunacaq. Büdcəmizə uyğun heyət quracağıq”.
Mütəxəssis tanıdığı futbolçularla çalışmağa üstünlük verdiyini qeyd edib: “Tək “Turan Tovuz”dan yox, ümumən tanıdığım futbolçularla işləmək hər zaman xoşdur. Çünki onlar məni, mən də onları tanıyıram. Bu gün yerli bazarda vəziyyət çətindir. Düzünü demək lazımdır ki, bu gün yaxşı yerli futbolçu tapmaq asan deyil. Çox çətinliklər var. Tam olmasa da, çalışacağıq ki, bizə lazım olan futbolçuları heyətə cəlb edək”.
Son günlər mətbuatda “Şamaxı”da maliyyə problemləri olduğu barədə xəbərlər yayılsa da, bu məqam Ayxan Abbasovu narahat etmir: “Mən bildiyim qədəri ilə müəyyən yaşanan sıxıntılar klubdan asılı olmayan səbəbdən yaranıb. Bu gün gecikmələr Premyer Liqada da var. Bilirik ki, Premyer Liqanın bir neçə klubunda həm mükafatlar, həm də son ayın maaşı verilməyib. Bu, klublardan asılı olmayan məsələdir. Təbii ki, “Şamaxı” rəhbərliyi ilə bütün bunları müzakirə etmişik. Dövlətdən ayrılan vəsait nə vaxt gəlirsə, klublar da o zaman ödəmə edirlər. İnşallah, bütün borclar ödəniləcək, heç bir problem olmayacaq”.
Mənbə: Qol.az