“Bugündən hazırlığa başlayacağıq. Hazırlıq prosesini 4 hissəyə bölmüşük”.
Sportliqa.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.
Mütəxəssis qeyd edib ki, birinci mərhələdə komandaya qatılmaq istəyən bəzi futbolçuları sınaqdan keçirəcəklər: “Ardınca birinci mərhələdə fərqlənən oyunçuların əsas komandanın hazırlıq prosesinə qatılmasını planlaşdırırıq. Üçüncü mərhələdə kollektivdə olanların uyğunlaşması və komanda oyununun futbolçulara aşılanmasını fikirləşirik. Sonuncu - dördüncü mərhələdə isə daha çox yoldaşlıq oyunları ilə komanda oyununu yaxşılaşdırmağa çalışacağıq”.
O, transferlərlə bağlı yenilik olmadığını söyləyib: “Transfer edə biləcəyimiz legioner futbolçuları diqqətlə izləyirik. Hələlik bizə uyğun oyunçular yoxdur. Amma axtarışlarımız davam edir”.
A.Şükürov ötənilki heyətdən bəzi futbolçularla razılıq əldə etməyə yaxın olduqlarını qeyd edib: “Hazırda geridə qoyduğumuz mövsümdən 7-8 futbolçumuzla danışıqları müsbətə doğru sonlandırmaq üzrəyik”.
Baş məşqçi sponsor məsələsi ilə bağlı hər hansı dəyişiklik olmadığını vurğulayıb: “Sponsor məsələsi “Kəpəz” üçün əlçatmaz görünür. Lakin biz ümidlərimizi heç vaxt itirməmişik və inanırıq ki, Azərbaycanın ikinci ən böyük şəhərinin komandasına dəstək göstəriləcək. Dövlət başçısı cənab İlham Əliyevin Gəncədə dünya standartlara uyğun stadionun tikilməsi üçün göstəriş verməsi, Gəncə şəhərinə dövlətimiz tərəfindən olan diqqətin bariz nümunəsidir. İnşallah, stadionla yanaşı, “Kəpəz”ə tezliklə iş adamlarının da dəstək olacağını görəcəyik”.
Mütəxəssis bildirib ki, böyük ehtimalla, “Kəpəz” yenə də Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq: “Mən pozitiv fikirləşirəm və dəstəyin olacağına da çox ümidliyəm. Amma biz hər cür gedişata hazırlaşmalıyıq. Ona görə də bu il komandanın qarşısında olan əsas məqsəd Premyer Liqada qalmaqdır. Nə qədər ağır olsa da, “Kəpəz” kimi köklü klub ancaq elitada qalmaq uğrunda mübarizə aparacaq. Digər klublarla müqayisə olunmayacaq dərəcədə büdcəsi aşağı olan komandanın Premyer Liqada yüksək yerlər uğrunda mübarizə aparması çox çətin görünür. Amma biz yenə də mübarizə aparacağıq”.
O, “Kəpəz”ə biganəliyin səbəbini bilmədiyini deyib: “Bunun bağlı bəzən mən də Gəncədə olan bəzi tanıdığım azarkeşlərə sual verirəm. Amma çox təəsüflər olsun ki, buna cavab yoxdur”.
Mənbə: Qol.az