“Neftçi”də xaos davam edir. Müşahidə Şurasının sədri, baş icraçı direktoru, baş məşqçisi olmayan klubda qərar verən şəxs yoxdur. Mövsüm bir aydır başa çatıb, amma avrokubokdan kənar qalan paytaxt klubuna yiyə duran tapılmır.
Son günlər baş icraçı direktor postunun türkiyəli mütəxəssisə tapşırılacağı ilə bağlı xəbərlər çoxalıb. Cenk Sümerin iyunun 26-da Bakıya gəlib işə başlayacağı deyilir. O, baş məşqçi postuna həmyerlisi Murat Şahini gətirmək niyyətindədir.
Lakin bütün bu təyinatların rəsmiləşməsi üçün Müşahidə Şurasının sədri postunda kimin əyləşəcəyi dəqiqləşməlidir. Klubun əsas sponsoru olan SOCAR-da bu məsələ ilə bağlı qərar verə bilmirlər. Bir müddət öncə Xəyal Cəfərovun təyinatı ilə bağlı söhbətlər oldu, amma şayiələr doğrulmadı. Son olaraq Murad Heydərovun “Neftçi”də işə başlayacağı müzakirə olunurdu. Deyəsən, AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun sadiq kadrının da qarşısı kəsilib.
Hazırda tamamilə yeni namizədin adı önə çıxıb. SOCAR-da aparat rəhbəri, işlər idarəsinin rəisi olan Hafiz Zeynalov “Neftçi”də əsas söz sahibi ola bilər. Məsələnin ayın sonunadək rəsmiləşməsi gözlənilir.
Bircə o dəqiqdir ki, “Neftçi”də təyinatlar yenə yubanır, səhv seçimlər edilir. Ölkənin ən yaxşı büdcəyə malik klubunda başverənlərə daha diqqətlə yanaşmaqda fayda var.
Futbolinfo.az