“Neftçi” yeni baş məşqçisini seçib. Paytaxt klubuna Roman Qriqorçuk rəhbərlik edəcək.
Sportliqa.az xəbər verir ki, sosial şəbəkədə, eləcə də klubun azarkeş səhifəsində yazılanlar həqiqətdir. Ukraynalı çalışdırıcının təyinatı an məsələsidir. Sadəcə, müəyyən detalların razılaşdırılması qalıb və qarşıdakı həftə ərzində məsələyə nöqtə qoyulmalıdır.
Qriqorçuk “Neftçi”nin danışıq apardığı iki əcnəbi məşqçidən biri idi. Viktor Qonçarenko ilə müzakirələr müsbət nəticə verməyib. İki il çalışdığı “Ural”dan ayrılan belaruslunun tələbləri bakılılar tərəfindən qəbul edilməyib. Belədə ölkəmizdə iş təcrübəsi olan Qriqorçukla anlaşma ehtimalı daha da artıb.
2015-18-ci illərdə “Qəbələ”nin baş məşqçisi olmuş, klubu 2 dəfə Avropa Liqasının qrupuna daşımış Qriqorçuk, ötən ay 3 il çalışdığı “Çernomorets”dən ayrılıb. Ölkəmizdən getdikdən sonra “Astana” və Soliqorsk “Şaxtyor”unda da işləmiş ukraynalı heç vaxt işsiz qalmayıb. O, Bakıya da azı 2 illik müqavilə üçün gəlir.
Qriqorçukun təyinatına klubun Müşahidə Şurasının başsız, baş icraçı direktor postunun boş olması da təsir etməyəcək. Paytaxt təmsilçisinin idarəçiliyində söz sahibi olan şəxslər müvafiq əməkdaşlara danışıqları yekunlaşdırmaq tapşırığı verib. Artıq razılığın əldə olunduğunu demək olar.
futbolinfo.az