"Sumqayıt" klubu yeni mövsümün hazırlığına start verib.
Sportliqa.az xəbər verir ki, Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "kimyaçılar" məşqlərə başlayıb.
"Gənclik şəhəri" təmsilçisinin sağ cinah müdafiəçisi Rövlan Muradov Pressing.az-a açıqlamasında komandasının hazırlığının yüksək səviyyədə olduğunu bildirib:
"Hazırlığımız yüksək səviyyədə gedir. Ağır məşqlərə köklənmişik. Gündə bir dəfə məşq edirik. Hər şey qaydasındadır".
26 yaşlı futbolçu "Sumqayıt"ın Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Fehervar"(Macarıstan) klubu haqda da fikirlərini bölüşüb:
"Püşkatma günü 5 potensial rəqib bilinəndə düşünürdüm ki, bizə "Fehervar" düşəcək. Bunu hiss etmişdim. Əslində, həm də bunu çox istəyirdim. Fikirləşirdim ki, revanş oyunu olsun. Mənə tanış rəqibdir ("Qəbələ"də forma geyinərkən, bu kluba qarşı çıxış edib - red.). Təbii ki, güclü kollektivdir. Macarıstanın 3 ən yaxşı komandasından biridir. Düşünürəm ki, ağır oyun olacaq, amma Allahın izni ilə, gülən tərəf biz olarıq".
Qeyd edək ki, cütün ilk oyunu iyulun 25-də Azərbaycanda baş tutacaq. Cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda keçiriləcək.