"Adana Demirspor"la müqaviləsinə xitam verən Şahruddin Məhəmmədəliyev Azərbaycana qayıda bilər.
Sportliqa.az Sportinfo.az-a istinadən xəbər verir ki, uzun illər "Qarabağ"ın formasını geyinmiş qapıçı "Sabah"ın danışıqlar aparmaqla bağlı təklifini qəbul edib.
Millinin əsas qolkiperinin Konfrans Liqasının iştirakçısından nə qədər pul istəməsi də bəllidir - 300 min dollar.
Qeyd edək ki, Məhəmmədəliyev 3 gün öncə "Adana Demirspor"la müqaviləsini birtərəfli qaydada ləğv edib. O, 2023-cü ilin sentyabrından Superliqa təmsilçisində oynayırdı. 30 yaşlı qolkiper Türkiyə klubunda 25 rəsmi matçda meydana çıxıb, 40 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.
2023-cü ilin sentyabr ayında "Qarabağ"dan "Adana Demirspor"a keçən Məhəmmədəliyev təsadüfən buradan ayrılmaq qərarına gəlməyib. Adana təmsilçisinin ona üst-üstə 6 aydan artıq maaş borcu var. Bu azmış kimi, şans qazandığı oyunların bir çoxuna görə bonus almayıb. Millimizin üzvü azad agent statusu almaqdan ötrü ona çatacaq pulun əhəmiyyətli hissəsindən imtina edib.