Azərbaycan Premyer Liqasının 2024/25 mövsümü indidən maraqla gözlənilir. Əminliklə söyləmək olar ki, növbəti sezonda məşqçilər arasında daha güclü taktiki mübarizəyə şahidlik edəcəyik. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanova sürpriz edə biləcək mütəxəssislərin sırasında onun adaşı, bugünlərdə “Turan Tovuz”un “sükanı arxasına” keçən Kurban Berdıyev də var.
1952-ci il avqustun 25-də Türkmənistanın paytaxtı Aşqabadda anadan olan Berdıyevin məşqçilik karyerasından, ən böyük uğurlarını “Rubin” klubunda qazanmasından xəbərdarsınız. Bu yazıda iki ay sonra 72 yaşını tamamlayacaq mütəxəssislə bağlı bilinməyən məqamları açıqlayacağıq.
Ferqyuson və Vengerə pərəstiş
Berdıyevlə birgə işləmiş insanlar futbolun onun həyatında həmişə önəmli yer tutmasından danışıblar. Bildiriblər ki, təcrübəli çalışdırıcı günün əksər saatını futbol, qarşıdakı oyun haqqında düşünür. Berdıyevin örnək götürdüyü iki məşqçi var. Bunlar 27 il “Mançester Yunayted”i çalışdırmış Aleks Ferqyuson və 22 il “Arsenal”ın “sükanı arxasında” olmuş Arsen Vengerdir. Maraqlıdır ki, “Rubin”də çalışdığı dönəmdə Berdıyev otağında məhz bu iki mütəxəssisin portretini asdırıb. O, bunu İngiltərədə təcrübə keçdikdən, ser Aleks və Vengerlə şəxsən görüşdükdən sonra tələb edib.
Yeri gəlmişkən, Berdıyevin ən uzun məşqçilik fəaliyyəti də məhz “Rubin”də olub. Kazan təmsilçisini çalışdırdığı ilk dönəmdə 12 il (2001-2013) komandaya rəhbərlik edib.
“Şahmatdakı taktikası futboldakına çox bənzəyir”
Birvaxtlar musiqi dinləməyi çox xoşlayıb. Ən çox bəyəndiyi müğənni isə Aleksandr Serov olub, ona pərəstiş edib. Yeri gəlmişkən, Berdıyevin böyük oğlu Marat aktyor və səs mühəndisidir.
Berdıyev şahmat həvəskarıdır. “Rubin”i çalışdırdığı dövrdə, demək olar ki, hər gün klubun idman direktoru Muxsin Muxamadievlə şahmat oynayarmış. Muxsin Müslümoviç həmin günləri yada salır: “Şahmatdakı taktikası futboldakı taktikasına çox bənzəyir. Qara fiqurlarla oynamağı xoşlayır. Yəqin ki, daha yaxşı müdafiə olunmaq və rəqibin oyununu pozmaq üçün belə edir, eynən futboldakı kimi”.
Kurban Bekieviç dindar müsəlmandır. O, bir neçə dəfə Həcc və Ümrə ziyarətlərində olub. Bildirib ki, hər dəfə ziyarət edəndə bənzərsiz, müqayisəolunmaz hisslər keçirib. Yaşadığı şəhərlərdə tez-tez məscidə getməyi xoşlayır.
Gödəkçə, təsbeh və plov sevgisi
Əvvəllər məşqçilər skamyasında Kurban Bekieviçi ənənəvi gödəkçəsi ilə tanımaq olardı. Həmin vaxt jurnalistlərlə söhbətlərinin birində deyib ki, məşqçilik fəaliyyətinə başladığı 1986-cı ildən ev oyunlarına həmişə pencək geyinir, səfər matçlarına isə idman geyimində çıxır. Ancaq “Rostov”u çalışdırdığı dövrdə bu ənənəsini pozub. Artıq neçə ildir ki, Berdıyev oyun gedən vaxt meydançanın kənarında ancaq idman geyimində olmağı üstün tutur.
Berdıyevin başqa daimi atributu məşhur təsbehidir. Ən xoşladığı yemək isə plovdur.
“Hotellərdə bizi 13-cü otağa buraxmırdılar”
Bəs Berdıyev nəyi xoşlamır? Rəhbərliyi altında oynamış futbolçuların dediyinə görə, 13 rəqəmini bəyənmir, hətta bu rəqəmə qarşı fobiyası var. “Rubin”in sabiq qapıçısı, 5 il Berdıyevin rəhbərliyi altında oynamış Sergey Rıjikovun bununla bağlı maraqlı xatirəsi var: “Berdıyevin dövründə “Rubin”də bu nömrəli forma götürmək qadağan idi. Bu bir yana, qaldığımız hotellərdə bizi 13-cü otağa buraxmırdılar. O otaq ən rahat olsa belə, orada heç kim qala bilməzdi. Keçirdiyimiz çempionat, kubok oyunları ayın 13-nə düşürdüsə, Berdıyevə görə matçların vaxtını dəyişdirməyə çalışırdılar”.
Rusiyalı sabiq hücumçu Aleksey Medvedevin də açıqlaması bunu təsdiqləyir: “2010-cu ildə “Rubin”ə keçəndə digər komandalarda da geyindiyim 13 nömrəli formanı istədim. Ancaq mənə dərhal başa saldılar ki, bu nömrəli forma klubdan çıxarılıb”.
Mənbə: Futbolinfo.az