Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayev Azerisport.com saytına müsahibə verib.
Sportliqa.az xəbər verir ki, o, əvvəlcə Kurban Berdıyev və Roman Qriqorçukun uyğun olaraq "Turan Tovuz" və "Neftçi"nin baş məşqçi postuna təyinatlarını şərh edib:
"Berdıyevə böyük rəğbətim var, amma futbolumuz haqda nə qədər məlumatlı olduğunu bilmirəm. O, Ayxan Abbasovu əvəzləyə bilməyəcək. Ola bilsin, klubun büdcəsi 2-3 dəfə artsın, futbolçuar 3-5 min deyil, 15-20 min manat maaş alsınlar. Lakin büdcə əvvəlki kimi qalsa, uğur gözləməyə dəyməz.
Qriqorçuka gəlincə, birmənalı olaraq gözəl insandır. Onun haqda xoş fikirdəyəm. Ancaq klub rəhbərliyi ilə bağlı problemlər yaşana bilər. Ukraynalı mütəxəssisə geniş səlahiyyət verilsə, nəticə qazana bilər. Yox, hər tərəfdən işinə qarışsalar, yaxşı heç nə gözləməyə dəyməz. Belə olan halda, heç özü də qalmaq istəməz".
Musayevin fikrincə, "Neftçi" növbəti mövsümdə "Qarabağ"a rəqabət aparmaq gücündədir: "Mümkünsüz heç nə yoxdur. Niyə də olmasın? Yenə də deyirəm, baş məşqçiyə şərait yaratsalar. "Neftçi"nin həmişə yüksək büdcəsi olub ki, bu da yaxşı transferlər reallaşdırmağa imkan verir. Yaxşı büdcə ilə kluba düzgün rəhbərlik etsəniz, nəticə özünü çox gözlətməyəcək".
PFL-in sabiq rəhbəri Gürcüstan millisinin AVRO-2024-dəki nailiyyəti haqda danışıb: "SOCAR Gürcüstan futbolunun əsas sponsorlarından biridir. Onlar 10 milyona belə uğur qazana bilirlərsə, biz niyə 30-40 milyona bunu bacarmırıq? Pulu düzgün və ünvanlı şəkildə xərcləmək lazımdır, onda bizdə də nəticə olar. İstək baxımından onlardan geri qalmırıq. Hesab edirəm ki, Azərbaycanda futbol Gürcüstandakından az sevilmir. "Qarabağ"ın oyunlarında stadionda boş yer tapılmır. Azarkeşlər rəqibə deyil, bizim komandaya baxmağa gedirlər. "Qarabağ" belə səviyyəyə yüksəlibsə, niyə bu təcrübəni bütün futbolumuza tətbiq etməyək? Azərbaycan klubudur, baş məşqçisi də azərbaycanlıdır".
Musayev sonda uşaq futboluna da toxunub: "Bu gün bizdə uşaq futbolu yoxdur. Hələ də "Sabahın Ulduzları" turnirindən bəhrələnirik. Bəs indi bu yarış haradadır? AFFA Almaniyada hansısa futbol məktəbini açmışdı. Reklamla məşğul olmaq deyil, iş görmək, pulu düzgün xərcləmək lazımdır. AFFA-nın yeni rəhbərliyinin mənasız xərclərə imkan verməyəcəyinə ümid edirəm. Təbii ki, inkişaf istəyirlərsə. Onda nəticə də olacaq".