Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Sportliqa.az xəbər verir ki, reytinq klubların 2023-cü ilin 1 iyulundan 2024-cü ilin 30 iyununa qədər olan dövrdəki nəticələrinə əsasən hazırlanıb.
504 komandanın yer aldığı siyahıya 371 xalla “Real” Madrid başçılıq edir. “Mançester Siti” 2-ci (369 xal), “Bayer” Leverkuzen isə 3-cü yeri tutur (355 xal).
Azərbaycan reytinqdə 4 klubla təmsil olunur. Əvvəlkitək “Qarabağ” ən yaxşı göstəriciyə malikdir. Ağdam təmsilçisi mövqeyini bu dəfə daha da gücləndirib. Qurban Qurbanovun komandası 14 pillə irəliləyərək 39-cu yerə yüksəlib. “Qarabağ”ın 191,25 xalı var. “Qarabağ”dan geridə olanlar arasında “Yuventus”, “Mançester Yunayted”, “Napoli” kimi məşhur klublar da var.
Azərbaycanın digər təmsilçilərinə gəlincə, “Zirə” 62,25 xalla 361-ci (+8), “Sabah” 60,75 xalla 379-cu (+9), “Neftçi” isə 59,25 xalla 397-ci (+6) yeri tutur.