"Çempionatın ilk oyunları hər zaman ağır olur. Bunu dərk edirdik. İlk növbədə qol buraxmamağa çalışdıq. Fərqlənmək üçün real şanslarımız da oldu, lakin dəyərləndirə bilmədik. "Neftçi" kimi komandayla səfər matçından heç-heçə ilə ayrılmaq da möhtəşəmdir. Çalışacağıq ki, qarşıdakı oyunlara daha hazırlıqlı olaq".
Bu sözləri Pressing.az-a açıqlamasında "Turan Tovuz" klubunun kapitanı Şəhriyar Əliyev ötən gün Azərbaycan Premyer Liqasının birinci turu çərçivəsində "Neftçi" ilə səfərdə etdikləri 0:0 hesablı heç-heçədən sonra deyib.
31 yaşlı müdafiəçi Tovuz təmsilçisinin yeni baş məşqçisi Kurban Berdıyevin təcrübəsinin komandaya müsbət təsir edəcəyinə inandığını bildirib:
"Hər məşqçinin öz əməyi var. Ayxan Abbasovun da gördüyü işlər danılmaz idi. O, "Turan Tovuz" üçün çox böyük bünövrə qoyub. Kurban Berdıyev də təcrübəli mütəxəssisdir. Hansı klublarda işlədiyini bilirik. Ümid edirəm ki, öz təcrübəsiylə komandaya təsir etməyə çalışacaq. Futbolçular olaraq biz də əlimizdən gələni edəcəyik ki, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirək".