“Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebonun müsahibəsi?
- Azərbaycan Premyer Liqasının ilk turunda “Turan Tovuz”la görüşdə 1 xalla kifayətləndiniz. Qolsuz heç-heçəni necə şərh edərdiniz?
- Çətin oyun alındı. Rəqib yaxşı müdafiə olunurdu. Sona qədər rəqib müdafiəsini yarmaq mümkün olmadı. Təəssüf ki, lazım olan qolu vura bilmədik.
- “Neftçi” Ərzurum toplanışında ardıcıl qələbə qazanmaqla azarkeşləri ümidləndirmişdi. Amma çempionata qələbə ilə başlaya bilmədiniz. Bunu nə ilə əlaqələndirmək olar?
- Hazırlıq oyunları ilə rəsmi matçlar eyni deyil. Biz çalışacağıq ki, təlim məşq toplanışında etdiklərimizi rəsmi görüşlərdə də təkrarlayaq. “Turan Tovuz”la matçda tətbiq etmək istədiklərimiz bəzən alınırdı, bəzən yox.
- Yaxşı, belə deyək, əsl “Neftçi”ni görmək üçün neçə tur gözləmək lazımdır?
- Dəqiq cavab vermək çətindir. Mövsüm öncəsi yaxşı toplanış keçmişik. İnanıram ki, oyundan oyuna daha yaxşı vəziyyətdə olacağıq.
- Ötən mövsümlə müqayisədə “Neftçi”də nə dəyişib?
- Komandada ciddi dəyişikliklər olub. O komanda ilə indiki arasında böyük fərq var. Yeni baş məşqçi gəlib. Onun tapşırıqlarına, yeni sistemə uyğunlaşmaq üçün zamana ehtiyacımız var.
- Azarkeşləri ən çox maraqlandıran odur ki, “Neftçi” bu mövsüm “Qarabağ”a müqavimət göstərə biləcək?
- “Qarabağ”a qarşı yaxşı mübarizə aparsaq, çempion da ola bilərik. Mövsüm uzundur, hər şey ola bilər. Lakin indiki halda oyundan oyuna vəziyyətimizə baxmalıyıq.
- Rəqib qapıçı qazonun durumundan gileyləndi. Nəzərə alsaq ki, siz texnikalı futbolçusunuz, onda şikayətiniz daha çox olar...
- Əlbəttə, qazonun durumu yaxşı deyildi. Qapıçıdan hücumçuya kimi hamı üçün çətin idi. Belə qazonda oynamağı heç kim xoşlamaz, təkcə mən və rəqib qapıçı yox.
- Bu yaxınlarda ilk övladınız dünyaya gəldi. Ata olmaq həyatınızda nələri dəyişib?
- Çox şey dəyişib. Atalıq insanı daha məsuliyyətli olmağa vadar edir. Artıq ilk gündən övladının gələcəyini düşünməlisən. Üstəlik, elə davranmalısan ki, övladına nümunə olasan.
Mənbə: Futbolxeber.az