"Qarabağ" Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində sabah doğma meydanda "Kəpəz"i sınağa çəkəcək.
Ağdam təmsilçisi hər zaman olduğu kimi, bu matç üçün də xüsusi afişa hazırlayıb. Lakin posterdəki foto diqqətləri çəkib. Belə ki, "qara-göylər"in marketinq rəhbərliyi afişanı Elvin Cəfərquliyevin fotosu ilə paylaşıb. O Elvin Cəfərquliyev ki, ilk turda "Araz-Naxçıvan"la keçirilən oyunda da (4:1) "ənənəsi"nə sadiq qalara qırmızı vərəqəylə meydandan qovulub.
Ümumiyyətlə, bu oyunçunun adı tez-tez etdiyi intizamsızlıqlara görə Azərbaycan futbol ictimaiyyətində beddamdır. Xislətindən əl çəkə bilməyən Elvin bunu mövsüm başlar-başlamaz da sübut etdi.
Xülasə, indi "Qarabağ" bu afişanı paylaşmaqla nəyə eyham vurur? Burada iki versiya var. Ağdam təmsilçisi ya futbolçuya mənəvi dəstək olur, ya da Cəfərquliyevi tənqid edən böyük bir kütləyə "Susun!" deyir.
"Qarabağ"ın marketinq rəhbərliyi sanki bununla Qurban Qurbanova da əks gedir. Təcrübəli mütəxəssisin əlinin altında intizamsızlıq baxımından "rəndələnə" bilməyən futbolçuya edilən bu dəstəyə başqa nə cür şərh vermək olar?
Hələ xatırlayırsınızsa, Elvin Cəfərquliyev 2022/23 mövsümündə oyundan sonra fanatla əlbəyaxa olduğuna görə polis bölməsinə də aparılmışdı. Lakin bu barədə klub tərəfindən heç bir açıqlama verilmədi və məsələ beləcə ört-basdır edildi.
Böyük azarkeş kütləsinin, futbol ictimaiyyətinin qarşısında hər şeyin üzərindən keçərək "günah keçisi"nə bəraət qazandırmağa qeyri-peşəkarlıqdan başqa ad vermək çətindir.