Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun daha iki oyunu keçiriləcək.
İlk olaraq "Qarabağ" hazırda turnir cədvəlinin lideri olan "Turan Tovuz"u sınağa çəkəcək. Saat 20:30-da isə "Neftçi" "Araz-Naxçıvan"ın qonağı olacaq.
Turun ən maraqlı matçı, sözsüz ki, "Qarabağ"la TT arasında baş tutacaq. 3 tur ərzində məğlubiyyət üzü görməyən Tovuz təmsilçisi bir oyun az keçirən (Çempionlar Liqasında mübarizə aparan "Qarabağ"ın PFL-ə müraciəti əsasında 3-cü turda "Şamaxı" ilə keçirilməli olan səfər matçı təxirə salınıb - red.) Ağdam klubunun qonağı olacaq.
Bu matç həm də qərb təmsilçisinin yeni, tanınmış baş məşqçisi Kurban Berdıyevlə Qurban Qurbanovun Azərbaycan çempionatında ilk dueli kimi də əlamətdar olacaq. Maraq üçün xatırladaq ki, bu iki mütəxəssis 2021/22 mövsümündə UEFA Konfrans Liqasının qrup mərhələsində (oxu: "Qarabağ" - "Kayrat"(Qazaxıstan) üz-üzə gəlmiş və duellərdən Qurban Qurbanov qalib ayrılmışdı.
Tovuz klubu rusiyalı mütəxəssisin rəhbərliyi altında hələ ki itkisiz irəliləyir. "Turan Tovuz" geridə qalan 3 tur ərzində 2 qələbə və 1 heç-heçə ilə aktivinə yazdırdığı 7 xalla turnir cədvəlinin lideridir. Görünür, komanda yayda keçirilən təlim-məşq toplanışının da bəhrəsini görür. Belə demək mümkünsə, TT yayda yığılan enerjini xərcləyir.
Bu dəfə rəqib "Qarabağ"dır. Lakin Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Zaqreb "Dinamo"suna 0:3 hesabıyla uduzan Ağdam klubu cəbhəsində psixoloji vəziyyət yaxşı deyil. Güman etmək olar ki, Qurban Qurbanov bu matçda komandanın bir neçə əsas oyunçusuna istirahət verəcək. "Turan Tovuz" isə bu məqamdan istifadə edərək, çətin səfərdən sərfəli nəticə ilə dönüb, növbəti dəfə azarkeşlərini sevindirə bilər.
Bir sözlə, bu axşam bizi "Azersun Arena"da olduqca maraqlı qarşılaşma gözləyir.
Daşqın Əziz