Azərbaycan Premyer Liqasının 4-cü turunda keçirilən "Qarabağ" - "Turan Tovuz" matçından (0:1) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Sportliqa.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bölüşüb.
- Çempionata başlanğıcında bizim üçün çox vacib oyun oldu. Qarşımızda yaxşı müdafiə olunan komanda var idi. Kurban Berdıyev müdafiəni qurmaqda, əks hücumlara çıxmaqda çox tanınmış, təcrübəli mütəxəssislərdən biridir. Fikrimiz daha çox Çempionlar Liqasındakı oyunda idi. "Turan Tovuz" bu gün qalib gəldisə, bunu haqq edir. Rəqib komandanın bütün kollektivini təbrik edirəm. Azarkeşlərimizə də təşəkkürümü bildirirəm. Həmişəki kimi bizi tək qoymadılar.
Q.Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Matç ərzində bir epizoda ciddi etiraz etdiniz. Bu, hansı epidoz idi?
- Oyundankənar vəziyyət epizoduna etiraz edirdim. Orada cüzi də olsa, ofsayd var idi.
- Zaqrebdəki oyunun bu matçın nəticəsinə təsiri oldu?
- Ümumiyyətlə, Avropadakı bütün oyunlarımızın bu qarşılaşmalara təsiri var. Çünki fərqli heyət oynatmalı oluruq. Bu müddət ərzində məşqlərdən də gileylənirdim. Hazırlığın dinamikası, diqqət pozulur. Neçə illərdir ki, bu belədir. İstər-istəməz belə oyunlarda bütün futbolçuların sıralarda olması çox vacibdir. Həm məşqin, həm də oyunçu keyfiyyəti aşağı düşəndə, bu, oyunumuza təsirsiz ötüşmür. Mövsümün əvvəlidir, inşallah, toparlanacağıq. Belə məğlubiyyətlərin mənə, komandama faydası da çox olur.
- Yeni qapıçı Koxalskinin çıxışını necə qiymətləndirirsiz?
- Normal. Lazım olan epizodlarda düzgün qərarlar verdi.
- Demək olar ki, qarşıdakı oyunlarda daha çox şans qazanacaq?
- Bu, onun öz əlindədir. Özünü yaxşı tərəfdən göstərsə, ona "yox" deməyəcəyik.