"Neftçi"də xaos davam edir. Klubun idarəetməsindəki hərc-mərclik komandaya da sirayət edir.
"Ağ-qaralar" artıq 4 turdur ki, qələbə qazana bilmir. Son olaraq iki gün əvvəl - Premyer Liqanın 4-cü turunda "Araz-Naxçıvan"la qarşılaşan "Neftçi" son saniyələrdə vurduğu qolla məğlubiyyətdən yaxa qurtardı - 1:1. Paytaxt təmsilçisi bu nəticələrdən sonra turnir cədvəlinin 9-cu pilləsində (!) qərarlaşıb.
Bu matçda diqqətçəkən məqamlardan biri də komandanın kapitanının kim olması idi. Belə ki, paytaxt klubunu bu qarşılaşmaya kapitan kimi yeni transfer Ramil Şeydayev çıxarmışdı. O Şeydayev ki, həmin matçadək "Neftçi"nin heyətində cəmi 3 oyun keçirmişdi. Nə əcəbsə, görüşün gedişində meydana daxil olan Rəhman Hacıyev və Emin Mahmudova kapitanlıq sarğısı təqdim olunmadı.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında əməkdaşımız bu məsələ ilə bağlı "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuka sual ünvanladı. Fəqət ukraynalı bu suala cavab verməkdən yayındı.
Maraqlıdır ki, "ağ-qaralar"ın kapitan və vitse-kapitanları kimlərdir? Uzun müddətdir komandanın kapitanlıq sarğısını qolunda daşıyan Emin Mahmudov niyə bundan məhrum edilib?
Sportliqa.az-ın məlumatına görə klub rəhbərliyindəki müəyyən şəxslərlə təcrübəli futbolçu arasında sular bulanıb. Hətta Mahmudovu dubla göndərmək planı da var. İllərini "Neftçi"yə verən "8 nömrə"nin gözümçıxdıya salınması isə klub daxilindəki xaosdan xəbər verir.
Bu məsələdə baş məşqçi Roman Qriqorçukun üzərinə çox gedə bilmərik. Görünür, tapşırıq yüksək səviyyədə verilib və Emin Mahmudov sıradan çıxarılır.
Məqsəd ötən il gətirilən bahalı futbolçu və məşqçilərə çəkilən böyük xərcin Emin Mahmudovun maaşını azaltmaqla kompensasiya edilməsidir. Bu proses hələ ötən mövsümün sonlarında başlamışdı. "Neftçi" funksionerləri "Gloria Jeans"də əyləşərək, onlara yaxın bəzi mətbu orqanlarda futbolçunun aldığı məvacibi dərc etdirmək üçün dəridən-qabıqdan çıxırdılar.
Monitorinq qrupumuzun müşahidələrinə əsasən, "Neftçi"dəki rəhbərləri nəzarətləri altında olan bəzi platformalar vasitəsilə ictimaiyyətdə elə bir fikir formalaşdırırlar ki, klubdakı bütün uğursuzluqların səbəbkarı Emin Mahmudovdur və tez-tez də onun yüksək maaş aldığını gündəmə gətirirlər.
Halbuki bugünədək klubda təyinatı üzrə işləməyən isveçli idman direktoru Yens Anderson da futbolçu ilə demək olar ki, eyni maaş alır. Lakin o, məsuliyyətdən kənardır.