"Qarabağ" sabah UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda İsveçin "Hekken" klubunu sınağa çəkəcək.
"Molde" (Norveç) ilə eyni xala (oxu: 7) malik Ağdam təmsilçisi bu görüşdə mütləq qələbə qazanmağa çalışacaq. Norveç təmsilçisinin qrup lideri, nəinki AL-də, Bundesliqada da məğlubiyyət tanımayan "Bayer" (Leverkuzen, Almaniya) səfərinə yollanacağını nəzərə alsaq, "köhlən atlar" meydana nisbətən rahat çıxa bilər. Lakin istənilən halda, "Hekken"lə oyun "Qarabağ" üçün olduqca vacib qarşılaşma olacaq.
Bu oyunla bağlı fikirlərini öyrənmək üçün Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Vaqif Cavadovla əlaqə saxladıq. O, Pressing.az-a açıqlamasında bu matçın Ağdam təmsilçisi üçün son illərin ən vacib oyunu olacağını bildirdi:
"Qarabağ" adına çox çətin oyun olacaq. Hətta deyərdim ki, "Hekken"lə matç son illərdə Ağdam klubu üçün ən vacib qarşılaşma olacaq. Çünki təmsilçimizə 3 xal lazımdır. Məncə, 1 xal da yetərli olar, amma bu, futboldur. Hər şey digər oyunun nəticəsinə görə dəyişə də bilər. Ümidvaram ki, "Qarabağ" ən yaxşı oyununu oynayıb xal və xallar qazanaraq "pley-off"a vəsiqə qazanacaq. Düşünürəm ki, şans 99.9 faiz ağdamlıların yanında olacaq. "Hekken"in itirəcəyi bir şey yoxdur, qrupda xal toplamayıblar. Bu da "Qarabağ"a müəyyən çətinlik yaradacaq. Arzu edirəm ki, bu oyunda uğur təmsilçimizlə olsun".
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Hekken" oyunu saat 21:45-də başlayacaq.