Tahir Süleymanovun susması
Futbol ictimaiyyətində bir xeyli şəxs yaxşı anlayır ki, "Sabahın ulduzları" layihəsi əvvəlki kimi ciddi layihə deyil. Sadəcə, Tahir Süleymanovun başını qatmasına, bir az kobud desək, susmasına hesablanmış layihədir.
Niyə?
Çünki Tahir bəy 50 ilə yaxındır Azərbaycan futbolunun içindədir. Futbolumuzun cikini də bilir, bikini də.
AFFA İcraiyyə Komitəsinin böyük əksəriyyətindən daha yaxşı bilik və təcrübəyə malikdir. Və bilməklə yanaşı, yüksək səviyyədə özünü ifadə etməyi bacarır.
"Neftçi"də işlədiyi zaman da klubun resursları hesabına yaxşı əlaqələr qurub, xüsusilə idman mediası ilə. Ona görə AFFA üçün təhlükəli hesab olunur.
Son 2 ildə baş verən bəzi hadisələrin xronologiyasını qeyd etmək istəyirəm ki, sizin üçün də aydın olsun:
5 mart 2024
AFFA-da seçkilər ərəfəsində Bakı Futbol Federasiyasında növbədənkənar seçki olur və Tahir Süleymanov federasiyanın prezidenti seçilir.
3 aprel 2024
AFFA-da seçkilər olur və rəhbərlik dəyişir.
8 aprel 2024
"CBC Sport" da yayımlanan "Bizim futbol" verilişində qonaq olan Tahir bəydən Şəmsəddin Abbasov soruşur ki, "Bakı Futbol Federasiyası olaraq AFFA-dakı seçkilərdə iştirak etməyi düşündünüz? Namizədliyinizi niyə irəli sürmədiniz?".
Tahir bəy də cavabında 3-4 dəqiqə "havadan-sudan", Almaniya futbolundan, Müllerin karyerasını bitirdikdən sonra bar açıb barmen kimi fəaliyyət göstərməsindən danışır. Sonda isə qeyd edir ki, bu suala növbəti verilişlərdə cavab verəcək.
Hiss olunur ki, seçkilər zamanı nəsə baş verib. Sadəcə, Tahir bəyin müəyyən gözləntiləri var və gedişata uyğun danışmaq istəyir.
3 fevral 2025
Cahangir Fərəcullayev AFFA-nın baş katibi vəzifəsinə təyin olunur.
5 aprel 2025 (AFFA-nın Hesabat Konfransından bir həftə əvvəl)
Tahir bəy həmişə olduğu kimi geniş bir yazı yazıb AFFA-nı "pazlayır". Yazıda sülhə məcburetmə çalarları görünür.
Xüsusilə bu hissə diqqətimi cəlb etdi:
"AFFA kabinetlərində nüfuz, səlahiyyət çəkişmələri getdiyi anlarda (səngiməyib, davam edir), biz federasiyada futbolu düşünən insanlarla bərabər, strategiyada futbola aid olmayan, Brüssel və daxili "krot" dəstəsinin təxribat "əməliyyatı"nın qarşısını alırdıq. AFFA səlahiyyətləri nələrin qarşısının alındığını gözəl bilirlər. Qalmaqalların yaşanmaması üçün qeyd olunanları ictimailəşdirmədik".
Yazının sonunda isə qeyd edir ki, əksər federasiyalara AFFA maliyyə dəstəyi verir, amma onun rəhbərlik etdiyi Bakı Futbol Federasiyasına yox.
Təbii ki, baş katib Cahangir Fərəcullayev ağıllı davranaraq sülhə nail olur.
Dekabr 2025
AFFA-dan Bakı Futbol Federasiyasına 45 000 manat məbləğində vəsait ayrılır.
Fevral 2026
Bakı Futbol Federasiyası AFFA-nın hesabına 3 günlük D kateqoriyalı məşqçi kursları təşkil edir. Halbuki bu kurslar çox mənasızdır. AFFA-nın Kütləvi Futbol Departamenti mütəmadi olaraq Bakıda və bölgələrdə bu kursları təşkil edir. Ötən ilin yayında özüm də iştirak etmişəm.
Mart 2026
Tahir bəy işləri böyüdür... Bakı Futbol Federasiyası ilə AFFA arasında daha irihəcmli layihələrin icrası üçün razılıq əldə olunur.
6 aprel 2026
Yenə AFFA-nın Hesabat Konfransından sonra Tahir Süleymanov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində qonaq olur. Bu dəfə AFFA-nı mədh etməyə başlayır. Hətta deyir ki, legioner limitinin ləğvi milli komandanın səviyyəsini qaldırır.
Tahir bəyin, təbirincə desək, mənim təhlillərim və müşahidələrim göstərir ki, onun davası Azərbaycan futbolunun inkişafı deyil, iş, vəzifə və pul davası imiş.
Bu arada eşitdim ki, Tahir bəy "Sabahın ulduzları" turnirinin oyunlarına diktor kimi qardaşını təyin edib. Yəqin istəyir ki, qonorar pulu qırağa getməsin...
Elsevər Muradzadə