AFFA, “Euronews“ və Santuş ailəsi
Son zamanlar Azərbaycan hökumətinin ən böyük beynəlxalq media tərəfdaşlarından biri olan, hətta ötən il Bakıda ofis açan Euronews ilə Azərbaycan futbolu, daha dəqiq desək, AFFA arasında maraqlı bir əlaqə tapmışam.
Sən demə, Euronews-un əsas sahibi olan Alpac Capital investisiya şirkətinin həmtəsisçilərindən biri milli komandamızın sabiq baş məşqçisi Fernandu Santuşun oğlu Luis Santuşdur.
Euronews kanalı Euronews SA şirkətinə məxsusdur. Bu şirkətin təxminən 97,6 faizi Portuqaliyanın Alpac Capital investisiya şirkətinin nəzarətindədir. Alpac Capital-ın həmtəsisçiləri Pedro Varqas David və Luis Santuşdur.
Bu səbəbdən Alpac Capital Euronews-un əsas səhmdarı hesab olunur.
Maraq üçün qeyd edim ki, qeyri-rəsmi məlumatlara görə, AFFA Fernandu Santuşa maaşı və təzminatı ilə birlikdə təxminən 4 milyon avro ödəyib.
Elsevər Muradzadə