“Qapıçı kimi heç vaxt idealım olmayıb. Amma Fernando Musleranı qeyd edə bilərəm. Uzun illərdir ki, yüksək səviyyədə performans göstərir. Çox yaxşı qapıçı olduğuna inanıram. Onunla yanaşı, mənim də dostum və burada əvvəllər oynamış İbrahim Şehiçi deyə bilərəm. Həqiqətən yaxşı qapıçılardır, onları bəyənirəm".
Sportliqa.az xəbər verir ki, bu sözləri Türkiyə mətbuatına açıqlamasında "Adana Dəmirspor" və Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
O, Superliqadakı rəqiblərin hücumçularına qarşı oynamaqdan çəkinmədiyini də bildirib: "Hücumçu məsələsinə gəlincə, çəkindiyim biri yoxdur. Əksinə, böyük oyunçulara qarşı oynamağı sevirəm. Abubakar və İkardi kimi hücumçulara qarşı oynamaq mənim üçün problem deyil".
Türkiyə klubunun yeni transferi "Adana Dəmirspor"dakı rəqabətdən də söz açıb: "Adana Dəmirspor”a gəlməmişdən əvvəl azarkeşlərlə bağlı məlumatım var idi. Çünki izləyirdim. Bu klubun bir parçası olduğum üçün şadam. Mənim mövqeyimdə Ertaç və Karaçiç var. Çətin rəqiblərdir. Ötən mövsüm Ertaç yaxşı performans göstərib. Vedat üçün də eynisini deyə bilərəm. Gənc qapıçılarla birlikdə yaxşı rəqabət olacaq".
Məhəmmədəliyev, Azərbaycan millisinin üzvü olduğu üçün şad olduğunu deyib: "Azərbaycan millisini və “Qarabağ”ı hər kəs tanıyır. “Qarabağ”da oynamışam. Çox önəmli və böyük komandadır. Bütün Türkiyənin bu komanda haqda bilgisi olduğunu düşünürəm. Eyni zamanda Azərbaycan millisinin üzvüyəm. Buna görə də çox xoşbəxtəm".