"Neftçi" Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə lider "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
Sportliqa.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb:
- Bugünkü oyuna görə futbolçularımı təbrik etmək istəyirəm. Düşünürəm ki, hakimlərin verdiyi sərt qərarlar oyunu gətirib bura çıxardı. Həmin epizoda baxdım, öz baxış bucağımdan deyə bilərəm ki, Yuri topa toxunur, sonra təbii hal olaraq rəqibə toxunur. Qaça bilməzdi. Penalti səhv qərardır. 7 oyunda qapımıza üçüncü penaltidir ki, təyin olunur. Ardıcıl iki matçdır ki, 11 metrlik cərimə zərbəsi verilir. Son iki oyunda qapımıza ancaq penaltidən qol vurulur, bu, məni narahat edir. Bu haqda ölçü götürülməlidir.
- Azarkeşlər sosial şəbəkələrdə gələn legionerlərdən, komandanın oyununundan narazılıq bildirilər...
- Azarkeşlərin sosial şəbəkələrdəki şərhləri haqda bir şey deyə bilmərəm. Bizi dəstəkləyən, bura gələn fanatlara təşəkkür edirəm. O azarkeşlər ki, hər zaman stadiona gəlirlər, bizi dəstəkləyirlər. Onlara deyə bilərəm ki, proses gedir, yeni komanda qurulur. Hamı başa düşməlidir ki, yeni oyunçular var, hərəsi bir ölkədən gəlib. Məsələn, Lukas Argentinadan gəlib. Azərbaycan və Argentina fərqli ölkələrdir. Bir az vaxt lazımdır ki, oyunçuların hamısını balanslaşdırım. Böyük layihədir, başa düşməliyik ki, istədiyimiz güclü "Neftçi"ni qurmaq üçün əzmkar iş görməliyik, emosional işin üzərində qurmalı deyilik. Dediyim kimi, böyük prosesdir, inanmaq lazımdır. Uğura qısa yolla gedib çıxmaq olmaz. Bəzən nəyisə əvvəldən qurban veririk ki, sonra yaxşı olsun. Bu azarkeşlər yaxşısına layiqdir. Ölkədə yeniyəm, amma "Neftçi" daha çox sevilməlidir. Xüsusən də mətbuatda. Uduzuruq, deyirlər komanda pis oynayır, uduruq deyirlər ki, Mutu Qara Qarayevlə mübahisə edib, dalaşıb. "Sumqayıt"la oyundan sonra mətbuatda məqalə çıxır ki, Qara Qarayevlə mübahisə etmişəm. Niyə belə edirlər? Uduzan digər komandalar da var, onlar haqda heç kəs heç nə yazmır.
- Hücumçularınız nə vaxt qol vuracaq?
- Bu məsələ məni də çox narahat edir. İstəyərəm ki, hücumçularımız qol vursun. Penalti olur hər oyunda qapımıza, ən azından iki qol vurmalıyıq.
- 11 rəsmi oyundur ki, əsas heyəti tapmağa çalışırsız, fərqli onbirliklər olur. Nə vaxt istədiyiniz ideal onbirliyinizi tapacaqsız?
- Yalnız iki aydır ki, komandaya gəlmişəm. "Neftçi"yə gələndə komanda Rusiyada toplanışdaydı. Gəldim, heyəti tam tanımırdım. Yeni oyunçular cəlb etməyə başladıq. Konfrans Liqasında mübarizə aparırdıq, məcbur komandanı ora hazırlamalıydıq. Vaxt lazımdır.
- Komandaya yeni gətirilən idman direktoru Andersonla görüşmüsüz? Nə dərəcədə faydalı olacaq?
- Ümid edirəm ki, komandaya xeyri olacaq. Bakıda deyil. Qayıtdıqdan sonra görüşümüz olacaq.
- Transfer çalışmaları bitib, yoxsa davam edir?
- Xeyr. Yeni oyunçu axtarışında deyilik. Əlimizdə olanlara vaxt vermək istəyirik ki, bir-birilərinə uyğunlaşssınlar.