Millimizin məğlubiyyəti Fernandu Santuşla bağlı deyil. Bunu hamımız bilirik. Amma ən azından normala yaxın futbol oynatmaq da olardı, olar da. Ən azından gənc və indiyə qədər ən perspektivli sayılan uşaqlar yığılıb milliyə. Ancaq futbolçular hələ ki, Santuşun tapşırıqlarını icra etməkdə çətinlik çəkir, onu başa düşmür, meydanda nə edəcəklərini heç çox da bilmirdilər. Millimizin əks-hücumlara çıxıb 3-4 qol epizodu yaratması isə göstərici deyil. Çünki yalnız açıq futbol oynayan rəqibi istənilən halda, 90 dəqiqə ərzində əks-hücumda tutacaqsan. Hə, o 4 epizoddan üçünü vursaydın, yaxşıya doğru nəyinsə dəyişdiyini demək olardı. Problemlərimizin həll olunmasını istəyiriksə, məncə, məsələyə dərindən yanaşmaq lazımdır.
Ümumiyyətlə, Renat Dadaşov, Ramil Şeydayev... İstəyirsən deyəsən ki, bu futbolçular niyə millidədir? Sonra düşünürsən ki, guya “Lester”də, “Latsio”da futbolçun var idi, onları yox, bunları çağırdılar? Olanımız budur. Şeydayev həqiqətən də qəribə futbolçudur. Penaltini vura bilmədiyi üçün demirəm. Amma hərdən düşünürsən ki, ümumiyyətlə, bu futbolçunu milləşdirmək üçün aləm bir-birinə dəymişdi? Adamın əsas üstünlüyü yalnız qaçmaq və addımlarının böyük olmasıdır, vəssalam, başqa heç nə. Hər dəfə bu fikrə gəlirəm ki, ay “Rusiyada Emin Mahmudov oynayır, Ramil Şeydayev oynayır, Ayaz Quliyev oynayır, gətirək, vallah gətirək, hər şey düzələcək” mövzularına xilasedici kimi baxmamalı və sıfırdan oturub öz uşaq futbolumuzu düzəltməliyik. Böyük pulları A milliyə, A millinin baş məşqçisinə, menecerlərinə tökməməli, bütün hamısını uşaq futboluna, yeni stadionların, meydanların salınmasına, yerli, gənc mütəxəssislərimizi xaricə göndərərək onların savadlarının artırılmasına xərcləməliyik. Başqa çıxış yolumuz yoxdur. İngiltərə, Almaniya, İspaniyada həmyerlilərimiz çoxluq da təşkil etmir ki, oranın uşaq futbol məktəbini keçəcək həmyerlilərinə gözünü dikəsən. Azərbaycanlılar Rusiya, Ukrayna və Gürcüstanda çoxluq təşkil edir, oradan gələnlər də son illərdə bizim uşaqlardan heç də fərqlənmir.
Həqiqətən özümüzü aldadırıq. Əslində, dərk edənlər, aldanmıre, məsələyə doğru yanaşır, sadəcə məcburuq ki, baş verənləri izləyək. Robert Prosineçki, Nikola Yurçeviç, Canni De Byazi, Fernandu Santuş. Nə dəyişir və nə dəyişəcəkki? Doğrudan da, necə ola bilər ki, hər tsikli sadəcə yola veririk? Məqsədsiz, azarkeşləri, ictimaiyyəti aldadaraq, tsikl oyunlarına çıxmaq... Sadəcə Santuşun səmimi olduğunu düşünürdüm. Adam Avropa çempionudur. Amma o da Canni De Byazi kimidir, Dünənki mətbuat konfransında deyir ki, 4 səhv biz etdik, 20 səhv rəqib. 1:3-dən sonra deyir bunu. Rəqibə nə qədər epizod verib, ümumiyyətlə, meydanın mərkəzində nə etdiyini bilməyən komandanın baş məşqçisi matçdan sonra bu cür açıqlama verir...Oldu da.
Bu arada, dünənki məğlubiyyət də göstərdi ki, Canni De Byazinin İsveç üzərindəki 3:0 hesablı qələbəsi həqiqətən mənasız və gücləri göstərən oyun deyildi. Əksəriyyət dedi ki, lazımsız qələbədir, İsveç millisi bura motivasiyasız, rahat gəlmişdi. İtalyan dalaşırdı ki, yox, möhtəşəm qələbədir. Əlbəttə ki, möhtəşəm qələbə ola bilərdi, vacib oyun olsaydı. Biz nə qədər ki, yalançı qələbələrlə özümüzü aldadacağıq, əsl qələbələrdən hər zaman uzaq qalacağıq.
Müəllif: Mirbağırağa Cəfərli