Azərbaycanda futbol sosial layihədir. Dövlət dotasiyası hesabına ayaqda qalır. AFFA-ya və klublara maliyyə SOCAR vasitəsilə gəlir. Ümumi kurasiya isə iqtisadiyyat naziri Mikayıl Cabbarovdadır. Çünki Mikayıl Cabbarov SOCAR-ın ali idarəetmə və nəzarət orqanı olan Müşahidə Şurasının sədridir.
Maraqlıdır ki, Mikayıl Cabbarov həm də qeyri-rəsmi olaraq "Sabah FK" klubunun rəhbəridir. Klub onun hələ təhsil naziri olduğu zaman yaradılıb.
Cabbarovun Tarif Şurasından tutmuş, Güləş Federasiyasına qədər onlarla rəhbər vəzifəsi, dövlət əhəmiyyətli işlərinin çox olması səbəbindən idman məsələlərini "İctimai" TV-dən yaxşı tanıdığımız xalasıoğlu Balakişi Qasımova həvalə edib.
Məsələn, 2021-ci ildə Qılıncoynatma Federasiyasının rəhbəri olan Mikayıl Cabbarovu Balakişi Qasımovun əvəz etməsi də buna örnəkdir.
Qasımov müsahibələrində "Sabah" klubu yaranandan klubun idarəçiliyində yaxından iştirak etdiyini bildirib.
2 il əvvəl AFFA rəhbərliyində dəyişikliklərdən sonra "Sabah"ın prezidenti Maqsud Adıgözəlov İcraiyyə Komitəsinə üzv, Balakişi Qasımov isə AFFA-ya vitse-prezident təyin olundu. Təbii ki, bu da futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Klub rəhbərliyində olan şəxslərin eyni zamanda AFFA rəhbərliyində təmsil olunması maraqlar toqquşmasına səbəb olur.
Məsələn, legioner limitinin ləğvi klub tərəfindən baxanda müsbət, milli komanda tərəfindən baxanda mənfidir. Hansı ki biz bunu hazırda "Sabah"ın Premyer Liqada baxımlı oyunundan, mümkün çempionluğa yaxın olmasından və limit olmadığına görə milli komandada xüsusilə qapı mövqeyində olan problemləri nümunə göstərə bilərik.
Hazırda "Sabah"ın AFFA, AFFA-nın "Sabah" olması bir aksiomadır.
Çoxdandır müşahidə edirəm ki, AFFA ilə bağlı, xüsusilə tənqidi yazılarda daha çox Maqsud Adıgözəlovun adı önə çəkilir, amma Balakişi Qasımovun yox. Adətən də səbəb kimi göstərilir ki, Qasımovun klubda rəsmi vəzifəsi yoxdur.
Balakişi bəyin müsahibəsindən sitatlar, eyni zamanda "Sabah" oyunları zamanı skyboxda emosional şəkildə göstərdiyi müstəsna dəstək və AFFA-nın vitse-prezidenti olması faktı, məncə, ön plana çıxmaq üçün kifayət qədər ciddi əsasdır.
Yazını yazmaqda məqsədim yuxarıdakıları bilənlər üçün xatırlatma, bilməyənləri isə xəbərdar etməkdir.
Hazırda Azərbaycan futbolunun əsas qəhrəmanı – “Vətəndaş B” olan Balakişi Qasımovdur.
Elsevər Muradzadə