Gizli müharibə? - Hələ beləsi olmamışdı...
Balakişi Qasımov və Maqsud Adıgözəlov tandemi dünənə qədər pərdənin arxasında plan qururdusa, bu gün artıq publika önündə onu icra edir.
Öncə onu açıqlayaq ki, kimdir bu şəxslər?
Qasımov qeyri-rəsmi "Sabah"ın əsas söz sahiblərindən biri və rəsmi olaraq AFFA-nın vitse-prezidentidir.
Adıgözəlov isə rəsmi olaraq "Sabah"ın prezident və AFFA İcraiyyə Komitəsinin üzvüdür.
İkili faktiki AFFA-da əsas lokomotiv qüvvədir. Taleyi yüklü qərarların arxasında onların imzası var.
Bəs gizli müharibəyə nə vaxtdan start verilib?
Balakişi Qasımovun 2 aprel 2024-cü ildə AFFA-nın vitse-prezidenti postuna gəlməsindən 10 ay sonra legioner limiti ləğv edildi.
7-dən 77-yə hər kəs bilir ki, bu ideya "Sabah" başbilənlərinin fikridir.
"Düz qərardı" deyib tələsməyin...
İlk olaraq "Turan Tovuz"un prezidenti Ehtiram Quliyev qərarın belə sürətlə verilməsinə qarşı çıxdı.
"Sumqayıt"ın prezidenti Riad Rəfiyev limitinin ləğvindən sonra tətbiq edilən qaydaların ədalətli olmadığını dedi.
Qurban Qurbanov isə bir anda yox, tədricən limitin ləğvinin doğru olduğunu təklif etdi.
Amma Balakişi Qasımov və Maqsud Adıgözəlov klanı heç kimə əhəmiyyət vermədən cızdıqları planın icrasına başladılar.
Premyer Liqa klublarının 90%-i isə qərara ümumiyyətlə hazır deyildi.
Çünki Maqsud Adıgözəlov hər kəsi aldatmışdı. Necə? Tarixlərə, açıqlamalara diqqət edək.
13 may 2024-cü ildə Maqsud Adıgözəlov açıqlama verərək 2025/26 mövsümündən etibarən limit 8+3 (8 legioner, 3 yerli) olacaq demişdi.
Və 9 ay sonra, 2025/26 mövsümünün başlanğıcına cəmi 5 ay qalmış limitin ləğv edilməsi elan olundu.
Belə görünür, Adıgözəlov 2024-cü ilin mayında 2025/26 mövsümündə (yəni bu mövsüm) limitin 8+3 olacağını elan etməklə digər klubların başının altına yastıq qoyub.
Məsələn, "Turan Tovuz" Adıgözəlovun açıqlamasından yola çıxaraq kapitan Şəhriyar Əliyev başda olmaqla bir neçə yerli ilə 2 illik anlaşma imzaladı. Yəni limitin 8+3 olacağı nəzərdə tutulan 2025/26 mövsümünün sonuna qədər. Bu gün kapitan Əliyev Berdıyevə lazım deyil. Müqavilə üzrə isə öhdəlik yerinə yetirilir.
"Qarabağ"ın özü də bəzi yerlilərlə müqavilə müddətini bu mövsümün sonuna qədər uzatmışdı.
"Neftçi" 3 illik anlaşma imzaladığı Emil Səfərov üçün "Qəbələ"yə 300 min manat ödəniş etmişdi. 2025-ci ilin yanvar ayında "Sabah"dan ayrılan Elvin Camalovla 1.5+1 illik müqavilə imzalandı. Diqqət edin - 1.5 il. Yəni 0.5 il ötən mövsümün ikinci yarısı, 1 il isə əvvəlcədən "Sabah"ın prezidenti Adıgözəlovun limitin 8+3 olacağını elan etdiyi bu mövsüm nəzərədə tutulub.
Bir ay sonra limiti(in) ləğv ediləcəyini/edəcəyini yaxşı bilən Adıgözəlov kapitanın gedişinə "of" da demədi.
Əksinə əsas rəqibi olan "Neftçi"nin yaxşı maaşları olan yerlilərlə "yüklənməsi"nə yol açmış oldu. Məsələn, yayda Samir Abasov, qış fasiləsində Yuri Vernidub xidmətindən istifadə etmədikləri Camalovun yerinə yeni transfer etmək şansından məhrum oldular. Arada bu mövsümün sonuna qədər nəzərədə tutulan anlaşma vardı.
Əvəzində "Sabah" təmizləmə əməliyyatına başlayaraq aylar əvvəldən Yusif İmanov, Şakir Seyidov, Namiq Ələskərov, Anatoli Nuriyev, Ayaz Quliyev, Elvin Camalov kimi yüksək maaş alan yerlilərlə yolları ayırmağın planlarını qururdu.
Düşünün, "Sabah" tərəfdə limitin ləğvinə, digər bütün klublarda isə 8+3 formatına hazırlıq gedirdi.
Hə, kimsə deyə bilər ki, onsuz da yerli oyunçu lazım olacaqdı. Elə deyil...
Biri var 10 manat verib, nazı ilə oynayıb 8+3 üçün yerli transfer edəsən, biri də var 5 manat verib ehtiyat qüvvə üçün yerli oyunçu transfer etmək. Arada atla eşşək qədər fərq var.
Məsələn, bu mövsüm limitin olmayacağını bilsəydi "Neftçi" dünyasında Emil Səfərova görə "Qəbələ"yə 300 min manat təzminat haqqı ödəməzdi. Necə ki, ötən yay belə bir şeyi heç bir klub etmədi.
Bu mövsüm "Sabah"ın "Neftçi"ni, "Turan Tovuz"u rahatlıqla üstələməsinin arxasında duran birinci fakt gizli aparılan yuxarıdakı plandır.
Rəqiblərin sıradan çıxarılması...
"Sabah" cəbhəsi yaxşı anlayırdı ki, onun 2 əsas rəqibi var - "Qarabağ" və "Neftçi".
Hər ikisinə və paralel digər rəqiblərə birinci və əsas zərbə yuxarıdakı gizli planla vuruldu.
Qalırdı çökməsini görmək.
Rəhim Həsənov AFFA Hakimlər Komitəsinin sədri təyin olunanda sevinmişdim. Bir azərbaycanlı balası rəhbər olacaq. Hətta təqdir etmişdim. Üzü ağ olsun, qısa müddətdə peşman etdi.
Bu yaxınlarda bilmişəm ki, sədr postuna hər kəsin yaxşı tanıdığı başqa iki yaxşı namizəd olub. Amma yekunda "Sabah"ın prezidenti Maqsud Adıgözəlovun istəyilə Rəhim Həsənov sədr postuna gətirilib.
Bu gün isə həmin Rəhim Həsənovun hakimləri qərarları ilə dünyanın dörd bir yanına səs salıb.
Açığı, "Qarabağ"ın ÇL-ə yüksəlməsi, orada gözlənilənlərdən çox-çox uğurlu olması böyük güc itkisinə səbəb oldu. Bir növ Ağdam klubu özü-özünü çökdürdü. Əlavə resurslara əl yeri qalmadı.
Qubada Kadiyə verilən qırmızı vərəqə, Yevlaxda verilməyən penal, Masazırdakı son şou həmin çöküşün sürətini sadəcə tezləşdirdi. Sadaladıqlarımız iri çaplı toxunuşlardı, xırda-xuruşlara göz yumuram.
Aydın həqiqətdir ki, hakimlər öz potensialından çox-çox aşağı performans göstərir.
Kiməsə qulluq edib-etmədiklərini demək çətindir, amma faktiki meydanda özləri ola bilmədilər. Nəticədə çox söz-söhbətlərə yol açıldı.
Bəs "Neftçi"? Yenə hakimlər, hakimlər və yenə də hakimlər...
Samir Abasovun hədəfi çempionluq mübarizəsində olmaq idi. Heyət buna uyğun yığılmış, toplanış buna uyğun nizamlanmışdı. Abasov rəqiblərinə qarşı pis hazırlaşmamışdı. Onun dönəmindəki oyunları istənilən adamla oturub izləməyə, analiz etməyə hazıram. "Neftçi"nin əsas problemi ilk gündən hakimlərlə bağlı oldu. 3-cü turda "Turan Tovuz"la görüşdə İqor Ribeyroya heç nədən qırmızı vərəqə verildi. Matçdan sonra Faiq Hacıyev az qala etiraf etsin ki, orada qırmızı yox idi. Əliyar Ağayev "Neftçi"nin ən azı 1 penalını yedi. Cərimə meydançası həndəvərində, təhlükəli nöqtədə İmad Faraja qarşı olan açıq-aşkar qayda pozuntusuna Ağayev və yan xətt hakimi susanda, kor olanda "Neftçi"nin çökdürülməsi prosesi başlamışdı.
4-cü turda daha böyük biabırçılıq yaşandı. "Sabah"ın qapısına tər-təmiz penal verilmədi. Məsələn, "Ayntraxt"la görüşdə bənzər vəziyyətdə "Qarabağ"ın qapısına penal verilmişdi.
7-ci turda isə Zirədə futbolun faciəsi yaşandı. Kamal Umudlu 95-ci dəqiqədə görüntünün olmadığı VAR-dan qayıdaraq 2:1 öndə olan "Neftçi"nin qapısına penal verdi. Sonrasını sadalamağa ehtiyac yoxdur. Arzular gerçək oldu - Samir Abasov istefaya göndərildi. Düşünənlər vardı ki, bundan sonra "Neftçi"də xaos hökm sürəcək. Amma Yuri Vernidub planları pozunca hakimlər meydandakı açıq döyüşü davam etdirdi. Ən son Zirədə yaşananlar hadisələrin kulminasiyası nöqtəsi oldu.
Bu mövsüm tərəfli-tərəfsiz hər kəs razılaşar ki, lehinə qərar verilməyən yeganə klub "Neftçi"dir. Elə əleyhinə ən çox qərar verilən də "Neftçi"dir. Bu qədər təsadüf olmur, cənablar. "Qarabağ"ın yerində bu gün "Sabah"la çempionluq mübarizəsində "Neftçi" ola bilərdi. Olmadı, qoymadılar.
Ortabab və digər rəqiblərin sıradan çıxarılması da havadan-sudan deyil. Legioner limiti ləğv edildi. Əksəriyyət də dedi ki, futbolda məhdudiyyət olmalı deyil. Məhdudiyyət inkişafa aparan yol deyil və.s.
O zaman niyə legioner sayına məhduddiyyətlər qoyulub? Məsələn, 12-ci legioner üçün 10 min, 13-cü üçün 100 min, 16-cı üçün 200 min manat ödənilir. Yerlinin daha çox oynamasına təşviq edən maneələrdi. Dəstəklədiyim addımdır.
Klubların gözündən baxası olsaq, bu da sağlam rəqabət mühiti yaratmır. Və ümumiyyətlə arxasında başqa məqsəd durur.
"Qarabağ"ın, "Neftçi"nin, "Sabah"ın pulu var 18 legioner gətirir. İstəsə sabah onu 28 də edə bilər. Hələ 17 əcnəbi futbolçusu olan "Zirə"ni demirəm. Amma "Sumqayıt" 13-cü legioneri sifariş etmək üçün lazım olan 100 min manata görə başqa legionerini satır. Ağır zədə alan əsas yerli oyunçusunun yerinə əcnəbi transfer edə bilmir.
"Araz-Naxçıvan" 13-cü legioneri gətirə bilmir. Bunun özü elə limiti ləğv edib, yeni limit qoymaq deyil?
Sağlam rəqabətdirsə hamının legioner gətirməsi üçün də şərtlər eyni olmalıdır. Kim ucuz tapar, kim baha bu artıq onun öz seçimidir.
Hər şey bununla da bitmir. Ölkə kubokunda hakimlər daha qəddarcasına OYUNlar icra etdi. "Qarabağ"ın ölkə kubokunun finalından necə məhrum edilməsini hamı gördü.
"Turan Tovuz"un da aşkar şəkildə finaldan məhrum edilməsi təsadüfə oxşamır.
"Zirə"yə nisbətdə bu gün daha bab rəqib "Turan Tovuz"dur. Tovuzlular finala çıxacağı halda təkcə meydanda yox, həm də tribunlarda problemə çevrilə bilərdi. Axı bölgə klubu ənənəsi olan böyük camiədir. Bir oyunluq finallarda isə keyfiyyət yox, daha çox istək və yuxarıdakı detallar rol oynayır. Sanki hər şey yüz ölçülüb, bir biçilib...
Ən ağrılısı odur ki, bu qədər ölçü-biçinin içində Azərbaycan futbolu, milli komanda heç kimə maraqlı olmayıb. Məni "Neftçi"nin, "Turan"ın, "Qarabağ"ın və digər klubların yeyilən haqqından çox bu incidir/narahat edir.
Maqsud Adıgözəlov və ya Balakişi Qasımovla heç bir problemim yoxdur. Kiçik araşdırma bəs edir ki, kim olduğumu bilsinlər.
Çox xoş olardı ki, yazılan sağlam iradlar, qərəzsiz tənqidlər nəticə versin.
Rövnəq Abdullayevin, Elxan Məmmədovun bıçağının dalı-dabağı eyni kəsəndə də sözümü üzlərinə deyirdim. Tək istəyim ədalət prinsiplərinin qorunması, şəfaf idarəçilikdir. Bir klubunun rəhbəri AFFA-da əsas söz sahibi olduğu müddətcə haqlı olaraq şəffaflığa heç kim inanmayacaq. Bu səbəbdən "Sabah"da görülən n qədər yaxşı işlər də kölgə altında qalacaq.
Xanoğlan İmanov
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az