Ötən gün idman jurnalisti Anar Şabanoğlu "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyevin onu və həmkarı İxtiyar Əsgərovu hüquq-mühafizə orqanlarını şikayət etdiyi barədə məlumat paylaşıb. Şabanoğlu bildirib ki, funksionerin şikayəti əsasında onlara 20 gün həbs cəzası verilə bilər.
Sportliqa.az bununla bağlı "Sumqayıt" klubunun mövqeyini öyrənib. "Kimyaçılar"ın mətbuat xidmətindən saytımıza verilən açıqlama belə oldu:
"Barəsində şikayət olunmuş jurnalistlər əməkdaşlıq və qarşılıqlı iş birliyi üçün “Sumqayıt” Futbol Klubuna müraciət etmiş, onların istəkləri ilə klubumuzun strategiyası uyğun olmadığı üçün bu təklif klub tərəfindən rədd edilmişdir. Sonrasında isə həmin jurnalistlər tərəfindən klub Prezidenti Riad Rəfiyev barəsində, mütəmadi olaraq, yalan, şər-böhtan xarakterli məlumatlar yazılır və tirajlanır.
Riad Rəfiyevin şəxsi və işgüzar nüfuzuna, şərəf və ləyaqətinə, Sumqayıt Futbol Klubunun peşəkar fəaliyyətinə zərər vermək məqsədilə mütəmadi olaraq yazılan şər-böhtan xarakterli məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilmişdir. Bundan sonra iş müvafiq orqanların nəzarətindədir. Əminik ki, hüquq-mühafizə orqanları işə ədalətli və düzgün qiymət verəcəklər".