“Səbail”lə oyundan sonra bərpa məşqi keçən və dünən istirahət edən “Araz-Naxçıvan” məşqlərini bərpa edib.
Sportliqa.az xəbər verir ki, komanda bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydanında 90 dəqiqəlik hazırlıq keçib.
Məşqdən əvvəl baş məşqçi Azər Bağırov komanda üzvlərinə 3 il əvvəl məhz bu gün başlayan və 44 gün davam edən Vətən müharibəsi və Azərbaycanın haqq savaşı ilə bağlı məlumat verib. Daha sonra 27 sentyabr - Anım günü ilə əlaqədar ölkəmizin azadlığı və ərazi bütovlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, məşq prosesində heyətin bütün üzvləri iştirak edib. “Səbail”lə oyunda yüngül zədələnən Abdulla Rzayev də sıraya dönüb. Cinah müdafiəçisi komandanın “Zirə”yə qarşı keçirəcəyi oyunda iştirak edə biləcək. “Neftçi” ilə matçda qırmızı vərəqə alan Mohammed Kadirinin də cəzası başa çatıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Zirə” oyunu oktyabrın 1-də, “Dalğa Arena”da keçiriləcək. Saat 18:30-da start götürəcək matç CBC Sportla canlı yayımlanacaq.