Millimizin legionerləri arasında Türkiyədə çıxış edənlər çoxluq təşkil edir. Onlardan biri olan Şahruddin Məhəmmədəliyev ümumiyyətlə, karyerasında ilk dəfə legioner həyatı yaşayır. Sentyabrda "Qarabağ"dan Super Liqa təmsilçisi "Adana Dəmirspor"a keçən 29 yaşlı qolkiper yeni klubunda "1 nömrə" deyil. Belə ki, Şahruddin millinin oktyabrdakı matçlarından sonra Adana təmsilçisinə qayıdaraq 1 dəqiqə belə oynamayıb. Onunla hazırkı durumu, AVRO-2024-də son qrup matçlarımızla bağlı söhbətləşdik. Sportliqa.az xəbər verir ki, Məhəmmədəliyev sport24.az-a müsahibəsinə komandasının cari mövsümdə çıxışı haqda fikirlərini bildirməklə başlayıb.
- Hər şey yaxşı məcrada gedir. Gördüyünüz kimi, turnir cədvəlində 3-cü yerdəyik. Çox ağır çempionatdı Türkiyə Super Liqası. Hər komanda hər komandanı məğlub edə bilər.
- Klubunun belə uğurlu çıxışına təbii ki, sevinirik. Amma digər tərəfdən, bir aydır oynamırsan. Millimizin "1 nömrə"sinin belə durumu bizləri narahat etməyə bilməz. Özünü necə hiss edirsən? Bir narahatlıq varmı?
- Əlbəttə. özüm də oynamaq istəyirəm. Lakin xüsusi bir narahatlıq yoxdu. Çünki komandaya gəldiyim müddətdən yalnız 2 aya yaxın vaxt keçib. Bura gələndə bilirdim ki, məni ciddi rəqabət gözləyir. Buna görə hər şey normaldı. Məşq edib şansımı gözləyirəm.
- Tanınmış niderlandlı baş məşqçiniz Patrik Kluyvertlə, yaxud qapıçılarla işləyən köməkçisiylə oynamamağınla bağlı söhbət olub?
- Yox, məhz bu yöndə xüsusi bir söhbət olmayıb.
- Ümumiyyətlə, "Adana Dəmirspor"un futbolçusu olmağından az müddət keçməyib. Sənə qarşı münasibət necədi?
- Bu baxımdan hər şey əladı. Klubda məni ilk gündən yaxşı qəbul etdilər. Mənə böyük hörmətlə və diqqətlə yanaşırlar, hər şey məndə kömək etməyə çalışırlar. Çünki Azərbaycandanam. Əcnəbi futbolçularımız böyük ada malikdi. Amma eyni zamanda sadə insanlardı və onlarla ünsiyyət qurmaq asandı.
- Özünü tonusda necə saxlaya bilirsən? Oyun praktikası sarıdan ciddi korluq çəkməyin millimizin qarşıdakı matçlarında mənfi təsirini göstərə bilərmi?
- Dediyim kimi, hələ ki ciddi özünü göstərmir. Sentyabrda millini də nəzərə alsaq, 4 matç keçirdim, oktyabrda isə yığmanın heyətində 2 oyuna çıxdım. Əlbəttə, hər həftə oynamaq istəyirsən. Amma oynamamaq hələ ki problem deyil. Hər şeyə vaxt lazımdı.
- Milliyə hansı əhval-ruhiyyədə gəlmisən?
- Milliyə həmişə böyük məmnuniyyətlə gəlmişəm. Legioner olanda isə gəlməyi daha çox istəyirsən ki, həm də bütün uşaqları görəsən. Bəli, Türkiyədə bir neçə futbolçumuz çıxış etsə də, orda görüşə bilmirik. Çünki praktiki olaraq istirahət günlərimiz olmur. Hər gün məşqdi.
- Bu ağır rejim yorucu, bezdirici deyil? Heç olmasa ailəni yanına gətirə bilmisən?
- Bu planda heç bir problem yoxdu. Məşqə saat yarım qalmış yığışırıq, işləyirik və bundan sonra evə ailələrimizin yanına gedirik.
- Millimizin son qrup matçlarından gözləntin nədi?
- Çox ciddi rəqiblərlə oyunlara çıxacağıq. Ağır olacaq, xüsusilə belçikalılarla səfər matçı.
- İsveçlə Bakıdakı matçda isə nəticəylə bağlı gözləntimiz daha çoxdu. Bu görüşdə qalib gələrək qrupda 3-cü yeri tutmaq şanslarımızı nə dərəcədə real sayırsan?
- Bunun üçün bizdə hər şey var. Çalışacağıq, Xüsusilə birinci görüş vacibdi. İnşallah, İsveçi Bakıda məğlub etməliyik.