Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Sportliqa.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq meydançaya “Murov Az Terminal” və “Xarı Bülbül Şuşa” komandaları çıxıb.
Oyuna üstün başlayan Şuşa təmsilçisi ilk hissəni qalib başa vursa da, “Murov Az Terminal” ümumi hesabı bərabərləşdirə bilib. Növbəti setlərdə də tərəflər hərəyə bir dəfə fərqlənib və matçın qalibi tay-brekdə müəyyən olunub. Gərgin keçən bu oyunun sonunda 3:2 hesabı ilə “Murov Az Terminal” komandası qələbə qazanıb.
Günün ikinci matçında “Azərreyl” komandası “Xarı Bülbül Laçın”la üz-üzə gəlib. Gərgin keçən ilk setdə qalib gələn “AZERRAIL” sonrakı hissələri də öz xeyrinə yekunlaşdırıb. Beləliklə, 3:0 hesabı ilə qələbə qazanan Boris Qrebennikovun yetirmələri 11 xalla turnir cədvəlində liderliyə yüksəliblər.
Qeyd edək ki, liderliyi ələ keçirən “Azərreyl”in 11 xalı var. “Xarı Bülbül Şuşa” və “Murov Az Terminal” 10 xalla ikinci və üçüncü yerləri bölüşürlər. “Xarı Bülbül Laçın” və “Neftçi” 4 xalla 4-cü və 5-ci pillələrdə qərarlaşıblar. Sonuncu yerdə olan MOİK-in isə xalı yoxdur.
“Murov Az Terminal” – “Xarı Bülbül Şuşa” 3:2 (22:25, 25:22, 19:25, 25:16, 16:14)
“Azərreyl” – “Xarı Bülbül Laçın” 3:0 (26:24, 25:20, 25:20)