Gənclər və idman naziri Fərid Qayıbov sabah baş tutacaq AFFA-nın növbəti Hesabat-Seçki Konfransına qatılmayacaq.
Nazir AFFA İcraiyyə Komitəsinin yeni tərkibindən narazı qalıb. Bir müddətdir nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədovun İcraiyyə Komitəsində təmsil olunması üçün çalışan F.Qayıbov istəyinə çatmayıb. Komandasından heç kimin İcraiyyə Komitəsində yer almaması idman nazirinin ciddi narazılığına səbəb olub.
Qeyd edək ki, 4 il əvvəlki seçkidə həmin vaxt Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri olan keçmiş güləşçi, olimpiya çempionu Fərid Mansurov AFFA İcraiyyə Komitəsinə üzv seçilmişdi. Fərid Qayıbov nazir təyin olunduqdan sonra olimpiya çempionu nazirlikdəki vəzifəsi ilə vidalaşmalı oldu. Lakin gözlənilənlərin əksinə olaraq, nazirlikdəki vəzifəsini itirməsinə baxmayaraq, Fərid Mansurov İcraiyyə Komitəsinin yeni heyətindəki yerini qoruyub. Maraqlıdır ki, Fərid Mansurov sabah İcraiyyə Komitəsinə üzv seçiləcək 13 nəfər arasında bəlkə də yeganə şəxsdir ki, qurumda təmsil olunmaq istəməyib.
2 gün əvvəl Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil naziri Emin Əmrullayev Rumıniyada keçirilmiş Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləşçilər və məşqçi heyəti ilə görüşüblər. Mənbəmizin sözlərinə görə, həmin görüşdə bu məsələ müzakirə edilib. Böyük ehtimalla, M.Cabbarov və E.Əmrullayev Fərid Qayıbovu AFFA-nın Hesabat-Seçki Konfransını boykot etmək fikrindən daşındırmağa çalışıblar.
Qeyd edək ki, sabahkı konfransda Milli Olimpiya Komitəsinin nümayəndəsindən sonra Gənclər və İdman Nazirliyinin təmsilçisinin də çıxışı nəzərdə tutulub. Baş tutan sonuncu konfransda F.Qayıbov şəxsən iştirak etmişdi. Sabah o, boykot qərarını qüvvədə saxlayacağı təqdirdə konfransda nazirliyin nümayəndəsi kimi futbol sektorunun müdiri Fikrət Hüseynovun çıxış edəcəyi gözlənilir.
Xatırladaq ki, F.Hüseynov futbol cameəsi üçün yad sima deyil. O, uzun illər AZAL-ın vitse-prezidenti vəzifəsində çalışıb, eləcə də bir müddət AFFA Klublar Komitəsinə rəhbərlik edib.
Futbolxeber.az