"Kəpəz"in baş məşqçisi Adil Şükürov Sportal.az saytına müsahibə verib.
- Premyer Liqanın 28-ci turunun "Qarabağ"la matçından (1:6) sonra fikirləriniz çox müzakirə edildi doğurdu. Bildirmişdiz ki, rəqiblər "Qarabağ"ı qoruyaraq oynayır. Burada tam olaraq nəyi qeyd etmək istəyirdiz? Yəni Azərbaycan Premyer Liqasının klubları "Qarabağ"ın futbolçularını zədələmək istəmirlər, ya var gücü ilə oynamırlar?
- "Qarabağ" avrokuboklarda Azərbaycanı təmsil etdiyi üçün digər futbolçular sanki, onların oyunçularına qarşı sərt və aqressiv oyundan çəkinirlər. Mən bunu nəzərdə tuturdum.
- "Kəpəz"in "Qarabağ"a qarşı 1:6 uduzması nə ilə əlaqədar idi? Fərqli oynamaq imkanınız var idi, yoxsa reallıq "Qarabağ"ın qazanacağını göstərirdi?
- Müsahibədə də bildirdiyim kimi, bu neçə ildə "Qarabağ" bütün komandalardan güclü olub və bu da son illərdə vaxtından əvvəl çempionluqlarını qeyd etməkləri ilə nəticələnir. Amma belə olmamalı idi. Düşünürəm ki, digər klublar bu illər ərzində rəqabət edə biləcək kollektiv formalaşdırmalıydı. Çünki çempionatda bütün komandalar rəqabətə davamlı olmalıdır. Bəzi komandalar Çempionlar Liqası, bəziləri Avropa Liqası, bəzi komandalar isə liqada qalmaq və möhkəmlənmək uğrunda mübarizə aparmalıdır. "Kəpəz" son illər ərzində çempionatda qalmaq uğrunda mübarizə aparır. Bunun da bir çox səbəbi var ki, bunları sadalamağa başlasaq saatlarla müzakirələr gedər. "Qarabağ"a 1:6 hesabı ilə uduzmağımıza gəldikdə, burada əsas çatışmazlıq fərqli hissələr keçirməyimiz oldu.
- Bir də, matçdan sonra dediniz ki, "Qarabağ" güclüdür, amma bu günkü gün üçün güclüdür. Bəs, sizcə qarşıdakı mövsüm və ya ondan sonrakı sezonlarda "Qarabağ"ın önünə çıxa biləcək komanda tapılacaq?
- Qurban Qurbanov öz müsahibələrində dəfələrlə yerli çempionatda rəqabətin güclənməli olmasından söhbət açıb. Rəqabətin güclənməsi isə istər-istəməz "Qarabağ"la digər komandalar arasında xal fərqinin olmayacağına gətirib çıxaracaq və belədə, ilin əvvəlində çempionun kim olacağının bilinməməsinə kömək edəcək. Necə ki, "Bakı", "Neftçi", "Xəzər Lənkəran", "Karvan", "Kəpəz", "Şəmkir", "Turan" kimi komandaların fonunda bəzən "Qarabağ" heç ilk "dördlüy"ə belə düşə bilmirdi. Qısa vaxtda bu günün reallığı ilə bu cür komandanın formalaşdırılması mümkündür? Bunun üçün keçilmiş yol və müəyyən nümunə komandalar var. İllər boyu formalaşmış komandanın keçdiyi yola nəzər salıb, lazım olan nəticələr çıxardaraq qısa müddətdə nələrsə etmək olar. Lakin bütün hallarda bunlar maliyyə dəstəyinin davamlılığı və rəhbərliyin seçdiyi strategiyadan asılı olur.
- "Kəpəz" yeni mövsümə daha güclü olacaq və "Qarabağ"la rəqabət aparıb, daha fərqli nəticələr göstərəcək?
- Rəqabət aparacaq komandanı formalaşdırmaq üçün müəyyən vaxt və davamlı maliyyə dəstəyi, ən əsası maliyyə dəstəyini düzgün yönəldəcək mütəxəssislərlazımdır. Çünki maliyyəni düzgün yönəltməyəndə, istər-istəməz bir neçə ildən sonra problemlər qabarmağa başlayır. "Kəpəz" özünəməxsuz tarixi olan və Azərbaycan çapında müəyyən çəkiyə, tarixə malik komandadır. Fikir verimisizsə, komanda divizionda belə çıxış edib və heç vaxt fəaliyyətini dayandırmayıb. Gəncə şəhərinin komandası yeganə komandadır ki, SSRİ çempionatının yüksək liqasında "Neftçi" ilə bərabər çıxış edib. Yəni bu komandanın hamının bildiyi tarixi və qət etdiyi yolu var. Bu cür klubun tarixinin bir hissəsi olmaq belə fəxr olmalıdır. Allaha şükürlər olsun ki, bizim də "Kəpəz"in tarixində müəyyən izimiz olub və bundan sonra da "Kəpəz"i daha yüksək yerlər, çempionluq uğrunda mübarizə apacaq vəziyyətə gətirib çıxararıq.
- Yeri gəlmişkən, komandanız sabah "Araz-Naxçıvan"la qarşılaşacaq. Matç barədə fikriniz necədir?
- Son dövrənin oyunları bizim üçün çox önəmlidir. Bu dövrədə qazanacağımız hər xal bizi Premyer Liqada qalmağa daha da yaxınlaşdırır. "Araz-Naxçıvan"la matçda komanda daha istəkli, daha aqressiv oyun göstərəcək. İstəyirik ki, komandamız bu oyunda bizə vacib olan nəticəni qazansın. "Araz-Naxçıvan" neçə turdur ki, xal qazana bilmir. Bu da rəqibin daha istəkli, daha aqressiv olacağından xəbər verir. Bizimlə oyuna çox ciddi hazırlaşacaqlar. Azər Bağırovun son müsahibələrindən də belə görünürdü.