Son günlərdə Azərbaycan futbolunda limit məsələsi yenidən gündəmə gəlib.
Futbol ictimaiyyətində yeddidən-yetmişə - hər kəs bu mövzu ətrafında qızğın müzakirələr aparır.
AFFA-nın İcraiyyə Komitəsinin son iclasında isə legioner limitinin tamamilə ləğv edilməsi "Sabah"çılar tərəfindən ortaya atılıb. Fəqət məsələ ilə bağlı konsensus əldə edilməyib.
Belə ki, bu məsələyə yeganə qarşı çıxan persona "Qarabağ"ın baş məşqçisi, AFFA İK-nın üzvü Qurban Qurbanov olub. Çünki mütəxəssis legioner limitinin tədricən ləğv edilməsindən yanadır.
Həm də AFFA-nın yeni rəhbərliyinin ilk iclasında qərara alınmışdı ki, 2025-2026-cı illər mövsümündə legioner limiti 7+4-dən 8+3-ə keçirilsin.
Qurban Qurbanovun bu mövzudakı mövqeyi isə AFFA-nın vitse-prezidenti, eyni zamanda, dostu Balakişi Qasımovu xəyal qırıqlığına uğradıb.
Sportliqa.az-ın redaksiyasına etibarlı mənbədən daxil olan məlumata görə, bu səbəbdən tərəflər arasında səmimi münasibətlərdə soyuqluq yaranmağa başlayıb.
Elsevər Muradzadə