2021-ci ilin 12 dekabrında ölkə başçısı İlham Əliyev Prezidentin ehtiyat fondundan "Qarabağ" klubuna 5 milyon manat ayırdı. Bir gün sonra isə Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl "İdman" TV-nin "Mərkəzi Xətt" verilişində bu milyonların hər qəpiyinin uşaqların inkişafına və infrastruktura sərf olunacağına vəd verdi.
Amma çifayda. Söz verdilər, lakin işə başlamaq üçün nə qollar çırmalandı, nə də bir daşı daş üstə qoydular. 3 il sonra da ortada heç bir iş yoxdur. Hətta torpaq sahəsi belə alınmadı.
"Qarabağ"ın uşaq futbolçularının yarısı hələ də "Tofiq Bəhramov"un, yarısı da "Sərhədçi"nin keyfiyyətsiz ehtiyat meydançalarında top qovurlar.
Lakin həmin uşaqların gözlərindəki ümid isə hər zaman daha böyük və daha işıqlı olmalıydı. Hansı ki Prezidentin ayrdığı bu böyük məbləğlə hər şey gözəl ola bilərdi.
Maraqlısı isə odur ki, bu vəsait nə maliyyə hesabatlarında, nə də gündəlik reallıqda görünür. Haradadır bu milyonlar? Bəlkə kimsə bu vəsaitin qapalı bir yerdə gizləndiyini bilir?
"Qarabağ" isə boş vədləri günü günə satmaqla məşğuldur. 5 milyon görünməyən, amma hər zaman dilə gətirilən bir məbləğdir. Görünən isə yalnız keyfiyyətsiz meydançalar və çarəsiz qalan uşaqlardır.
Elsevər Muradzadə